Avqustun 4-də “İnkişaf üçün maliyyə” MMC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə Bakı Fond Birjasında (BFB) həyata keçiriləcək.
BFB-dən FED.az-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 10 min ədəd, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 12 faiz, tədavül müddəti 2 ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət etməlidirlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.
Qeyd edək ki, iyulun 29-da Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “İnkişaf üçün maliyyə” MMC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.