Məşhur Nasdaq birjasında ticarət edilən ilk türk şirkəti olan «Hepsiburada»nın səhmləri kəskin ucuzlaşıb.
FED.az xəbər verir ki, şirkətin 3-cü rübün nəticələri ilə bağlı ilkin məlumatlar açıqlanan kimi, səhmlər sürətlə ucuzlaşaraq 35%-ə yaxın dəyər itirib.
Əslində şirkətin 3-cü rüblə bağlı hesabatı noyabrın 23-də açıqlanacaq, amma gəlirlərin gözlənilən həddə olmadığı artıq indidən məlumdur.
«Hepsiburada» özü də həm 3-cü rüb, həm də ümumilikdə 2021-ci il üzrə gəlir və mənfəət gözləntilərini aşağı salıb.
«Hepsiburada» özü də elan edib ki, şirkətin il sonu üçün ümumi gəlir gözləntiləri, əvvəllər proqnozlaşdırılan 28-29 milyard lirə deyil, təqribən 24 milyard lirə olacaq.
Türk lirəsinin dollar qarşısında dəyər itirməsi də səhmləri ucuzlaşdıran yeni səbəb olub.
Nəticədə iyul ayında 768 milyon dollar IPO ölçüsü və 12 dollarlıq səhm qiyməti ilə ticarətə buraxılan şirkətin səhmləri 3,50 dollara yaxın azalıb.
«Hepsiburada»nın gəlirlərinin azalmasının səbəbi pandemiya məhdudiyyətlərinin yumşalması və bazarda rəqabətin artmasıdır.
Şirkət bildirir ki, 3-cü rübün əvvəlində Covid-19 məhdudiyyətlərinin tamamilə aradan qaldırılması ilə əlaqədar müştəri mobilliyi artıb, yəni müştərilər ticarət mərkəzlərinə gedə bildiklərinə görə, onlayn satışlara tələbat bir qədər azalıb. Üstəlik bazarın bu seqmentində rəqabət də yüksəlib.
«Hepsiburada» vəziyyəti düzəltmək üçün müştərilərə təklif edilən ümumi endirim dərəcəsini və reklam xərclərini artırmaqdadır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.