Dünyanın ən böyük axtarış sistemi olan “Google”un ana şirkəti «Alphabet»in səhmləri 3,7 faiz artaraq şirkətin dəyərini ilk dəfə olaraq 3 trilyon dollara çatdırıb.
FED.az xəbər verir ki, «City Group» bankı «Google»un ana şirkəti üçün səhmlərin hədəf qiymətini 225 dollardan 280 dollara qaldırdıqdan sonra «Alphabet»in səhmləri bazar ertəsi günü 3,7 faiz artaraq ilk dəfə bazar kapitallaşmasına 3 trilyon dollara çatıb.
Analitik Ron Josey bildirib ki, «Google» həm reklam, həm də bulud bizneslərində daha çox istifadə edildiyi üçün məhsulun inkişafının sürətlənməsi dövrü başlayır. Üstəlik indi onlayn reklam bazarı da daha sağlamdır və burada əvvəlki kimi hüquqi və tənzimləyici problemlər yoxdur.
Josey həmçinin qeyd edib ki, axtarış biznesi sahəsində yaranan rəqabətə baxmayaraq, Google daha yüksək tələbat görərək və gəlirliliyi artıraraq daha yaxşı performans göstərir.
Texnologiya nəhənginin A və C sinifli səhmləri təxminən 250 dollara çatıb.