Fevralın əvvəlində kriptovalyutalar bazarında təşviş davam etdiyi zaman adı gizli qalan investor böyük həcmdə ucuzlaşmış bitkoinlər alıb və bundan böyük gəlir əldə edib. FED.az portalı «MarketWatch»a istinadən xəbər verir ki, fevralın 5-6-da bitkoinin qiyməti ən aşağı həddə çatında və onun sahibləri bitkoini satmağa cəhd edəndə anonim treyder böyük miqyaslı alış həyata keçirib.
Fevralın 9-dan 12-dək davam edən alış prosesində naməlum investor 41 min bitkoin alıb. Nəticədə onun hesabındakı bitkonlərin sayı 55 mindən 96 minə yüksəlib, sərvəti isə 1 milyard dolları keçib.
«Bilmirəm həmin böyük alıcı kimdir, amma son qiymət enişi zamanı çoxları bitkoin almağa başladılar və vəziyyətin sabitləşməsindən yaxşı gəlir əldə etdilər»-deyə «Tetras Capital» şirkətinin təsisçilərindən olan Aleks Sunnaborq bildirib.
Xatırladaq ki, bitkoin fevralın 6-da son iki ayda ən aşağı qiymətə – 6 min dollara düşdükdən sonra yenidən bahalaşmağa başladı və tezlikdə 11 min dolları keçdi.
Qiymət artımı ilə bərabət bitkonin alıcılarının aktivliyi də yüksəldi. Təkcə son bir neçə sutkada 20 milyard dollarlıq bitkoin alınıb.Son 24 saatda Cənubi Koreya treyderləri 80 mindən artıq bitkoin satıblar.