Fransada həftəsonu ölkəni bürüyən kütləvi iğtişaşlardan sonra dövlət istiqrazlarının qiyməti aşağı düşüb.
FED.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə və biznes xəbərləri üzrə ixtisaslaşmış “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, Fransa hökuməti mürəkkəb vəziyyətlə üzləşib. Əhali əlavə maddi dəstək tədbirləri tələb edir. Lakin yüksək dövlət borcu və avrozonada ən böyük büdcə kəsirlərindən biri hökumətin xərcləri artırmaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Fransa və Almaniyanın 10 illik dövlət istiqrazlarının gəlirlilikləri arasındakı fərq 8 baza bəndi artaraq 1,46 faiz bəndinə çatıb. Bu, son iki həftənin ən yüksək göstəricisidir.
Bu o deməkdir ki, investorlar avrozonanın ən etibarlı borc alətləri hesab edilən Almaniya istiqrazları ilə müqayisədə Fransa dövlət istiqrazlarına investisiya yatırmaq üçün getdikcə daha yüksək risk mükafatı tələb edirlər.
Fransanın əsas fond bazarı indeksi CAC 40 1,2% geriləyib. Avro isə dünyanın aparıcı inkişaf etmiş ölkələrinin əksər valyutalarına qarşı 0,5% ucuzlaşaraq 1,1183 dollara düşüb.
İğtişaşlar Fransada 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi ilə eyni vaxta təsadüf edib. Hökumət 43 milyard avroya qənaət etmək və büdcə kəsirini ÜDM-in 5,4%-dən 5%-nə endirmək məqsədilə vergiləri artırmağı və dövlət xərclərini azaltmağı, o cümlədən pensiyaların indeksləşdirilməsini məhdudlaşdırmağı təklif edib.
Lakin prezident seçkilərinə cəmi altı ay qaldığı bir dövrdə bu cür qeyri-populyar tədbirlərin siyasi baxımdan parçalanmış parlamentdən keçirilməsi çətin olacaq.
İnvestorlar siyasi qarşıdurmanın dövlət maliyyəsinin sağlamlaşdırılması planlarını yenidən poza biləcəyindən narahatdırlar.
Fransa və Almaniya istiqrazlarının gəlirlilikləri arasındakı fərq artıq avrozonanın borc böhranı dövrünə xas səviyyələrə yaxınlaşır. Fransa dövlət borc qiymətli kağızlarının son dövrlərdəki kəskin satış dalğasının ən gərgin mərhələlərində bu fərq 1,6 faiz bəndinə yaxınlaşmışdı.
Honkonqda yerləşən, qlobal iqtisadiyyat və maliyyə bazarları üzrə araşdırmalar aparan “Gavekal Research” şirkətinin nümayəndəsi Lui-Vensan Qav bildirib:
“Bu gün Fransa eyni vaxtda sosial, miqrasiya, enerji, iqtisadi və büdcə böhranları yaşayır. Bütün bunlar Fransa prezidentinin formal olaraq hakimiyyətdə qaldığı, lakin faktiki olaraq səlahiyyətlərindən istifadə edə bilmədiyi bir vaxtda baş verir. Ötən həftəsonu baş verən hadisələrin heç biri avronun möhkəmlənəcəyini və ya Fransa dövlət istiqrazlarının gəlirliliyinin azalacağını gözləməyə əsas vermir”.
Fransada prezident seçkiləri yaxınlaşdıqca analitiklər investorların dövlət istiqrazlarını alarkən tələb etdikləri siyasi risk mükafatının daha da artacağını gözləyirlər.
Cümə günü ABŞ-ın beynəlxalq kredit reytinqi agentliyi “Moody’s Ratings” Fransanın suveren kredit reytinqinə yenidən baxacaq.
Reytinq üzrə proqnoz artıq neqativ olduğundan növbəti dəyişikliyin reytinqin aşağı salınması istiqamətində baş verməsi daha mümkün görünür. Bu barədə “Bloomberg” agentliyi qeyd edir.
Hazırda “Moody’s Ratings” Fransanın kredit qabiliyyətini ABŞ-ın digər beynəlxalq reytinq agentlikləri olan “Fitch Ratings” və “S&P Global Ratings” ilə müqayisədə bir pillə yüksək qiymətləndirir.














