Azərbaycanın aparıcı investisiya şirkətlərindən «Unicapital» investisiya şirkətinin «Foreks»lə əməliyyatları iki dəfədən çox artıb.
Eləcə də bax: «Foreks»ə pul qoyanlar azalıb – «HƏLƏLİK SƏRFƏLİ DEYİL»
Şirkətdən FED.az-a verilən məlumata görə, 2019-cu ildə «Unicapital» investisiya şirkəti törəmə maliyyə alətləri üzrə 9,1 milyard manatdan çox əməliyyatlar həyata keçirib. Bu 2018-ci ildə şirkətin törəmə maliyyə alətləri bazarındakı əməliyyatları ilə müqayisədə 2,12 dəfə artıqdır. 2018-də şirkətin həmin bazardakı əməliyyatlarının həcmi 4 milyard 278,5 milyon manat olmuşdu.
Xatırladaq ki, Bakı Fond Birjasının (BFB) açıqladığı statistikaya əsasən, 2019-cu ildə «Unicapital»ın ümumilikdə əməliyyatlarının həcmi 1 milyard 323,5 milyon manat təşkil edib.
Bu 2018-ci illə müqayisədə 4 dəfə azdır – 2018-də şirkətin cəmi əməliyyatlarının həcmi 5 milyard 317,4 milyon manat olub.
«Unicapital» İnvestisiya Şirkətinin Müşahidə Şurasının müşaviri Tahir Qəribov FED.az-a bildirib ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “Unicapital” investisiya şirkətinin əməliyyatalrının həcminin azalması, əslində əməliyyatların azalması ilə deyil, BFB-nın 2019-cu ildən etibarən öz statistikasında etdiyi dəyişikliklərlə bağlıdır. Belə ki, 2019-cu ildən etibarən Birja öz statstikasında törəmə maliyyə alətləri ilə əməliyyatları göstərmir.
«Unicapital» strategiyasını dəyişib
«2019-cu ildən başlayaraq «Unicapital» İnvestisiya Şirkəti investisiya bazarında strategiyasını dəyişdirib. Əgər 2018-ci ilin sonuna qədər şirkətin məqsədi BFB-də broker əməliyyatları reytinqində ilk yerlərdə olmaq idisə, indi «Unicapital»ın məqsədi korporativ qiymətli kağızlar buraxılış sektorunu inkişaf etdirmək və qiymətli kağızlar vasitəsilə Azərbaycan Respublikasının qeyri-neft sektorunun maliyyələşdirilməsini genişləndirməkdir»-deyə Tahir Qəribovun FED.az-a açıqlamsında deyilir.