FINCA Azərbaycan əhalinin maliyyə savadlılığının artırılması, maliyyə inklüzivliyinin təşviqi və müştərilərlə birbaşa ünsiyyətin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
FED.az xəbər verir ki, bu çərçivədə Lənkəran Gənclər Evi Sosial Xidmət Müəssisəsinin dəstəyi ilə maliyyə savadlılığına həsr olunmuş maarifləndirici təlim, həmçinin FINCA Azərbaycan müştəriləri ilə görüş təşkil olunub.
Təlimin əsas məqsədi gənclərin şəxsi maliyyənin idarə edilməsi sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onların gündəlik həyatda daha düzgün və düşünülmüş maliyyə qərarları qəbul etmələrinə dəstək olmaq olub.
Tədbir zamanı iştirakçılara şəxsi büdcənin planlaşdırılması, gəlir və xərclərin effektiv idarə olunması, yığım vərdişlərinin formalaşdırılması və maliyyə risklərinin qiymətləndirilməsi barədə məlumat verilib.
Maarifləndirici proqramın digər mühüm istiqaməti rəqəmsal maliyyə təhlükəsizliyi və kiberdələduzluq risklərindən qorunma olub. İştirakçılar şübhəli maliyyə təkliflərinin müəyyən edilməsi, şəxsi məlumatların qorunması və rəqəmsal mühitdə təhlükəsiz maliyyə davranışları ilə bağlı praktiki tövsiyələr əldə ediblər.
Səfər çərçivəsində FINCA Azərbaycanın mövcud müştəriləri ilə də görüş keçirilib. Görüş müştərilərin maliyyə ehtiyaclarını, qarşılaşdıqları çətinlikləri və xidmətlərlə bağlı gözləntilərini daha yaxından öyrənmək, eləcə də onların rəy və təkliflərini birbaşa dinləmək baxımından əhəmiyyətli olub.
FINCA Azərbaycan üçün müştərilərlə davamlı dialoq yalnız xidmət keyfiyyətinin qiymətləndirilməsi deyil, həm də məhsul və xidmətlərin real ehtiyaclara uyğun inkişaf etdirilməsinin vacib hissəsidir. Bu cür görüşlər müştəri təcrübəsinin təkmilləşdirilməsinə və təşkilatla müştərilər arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir.
FINCA Azərbaycan hesab edir ki, maliyyə xidmətlərinə əlçatanlığın artırılması yalnız kredit məhsullarının təqdim edilməsi ilə məhdudlaşmır. İnsanların maliyyə biliklərinin inkişaf etdirilməsi, məsuliyyətli borclanma mədəniyyətinin təşviqi və müştərilərin ehtiyaclarının düzgün anlaşılması da dayanıqlı maliyyə inklüzivliyinin əsas şərtlərindəndir.
Maliyyə inklüzivliyini və müştəriyönümlü yanaşmanı fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyən edən FINCA Azərbaycan bundan sonra da regionlarda maliyyə savadlılığının artırılmasına, müştərilərlə açıq dialoqun inkişafına və maliyyə xidmətlərinin əlçatanlığının gücləndirilməsinə yönəlmiş təşəbbüslərini davam etdirməyi hədəfləyir.
1998-ci ildə təsis edilmiş FINCA Azərbaycan ölkədə mikromaliyyə xidmətləri göstərən aparıcı bank olmayan kredit təşkilatlarından biridir. Təşkilat 1984-cü ildə əsası qoyulmuş beynəlxalq FINCA brendinin FINCA Impact Finance qlobal şəbəkəsinin bir hissəsidir.

















