Bu həftənin əvvəlində dollar indeksində tədricən toparlanma müşahidə olunsa da, çərşənbə günü “Brookings” İnstitutunun keçirdiyi “İqtisadi baxış, inflyasiya və əmək bazarı” adlı toplantıda çıxışı zamanı inflyasiya ilə mübarizənin uzun müddət davam edəcəyini deyən ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri Jerome Pavel, sərt monetar siyasətin davam etdriləcəyi mesajını verərək faiz artımlarının tempini dekabr ayından etibarən yumşaldacaqlarını bildirib.
Çıxış fonunda FED-in dekabr toplantısında uçot dərəcələrinin 0.5% artırılacağı ehtimallarının artması dollar indeksinin yenidən 105 bənd hədlərinə geriləməsinə səbəb olub.
Dolların dünya birjalarında kəskin ucuzlaşması fonunda qızıl 1780$-a kimi bahalaşıb. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri 1780$ həddinin üzərində möhkəmlənə bilsə, artım tendensiyasını 1806$-a kimi davam etdirə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.