ABŞ Mərkəzi Bankı funksiyalarını icra edən Federal Ehtiyatlar Sistemi (FED) noyabrın 1-2 tarixlərində, iki gün keçirilən iclasında faiz dərəcələrini növbəti dəfə 0,75% artırmaq barədə qərar qəbul edib.
- Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.
FED.az xəbər verir ki, bununla da uçot dərəcəsi illik 3,75-4%-ə yüksəlib.
Qurumun açıqlamasında bildirilir ki, dərəcənin artırılması barədə qərar ölkədə inflyasiyanın son 40 ildə ən yüksək həddə olması ilə bağlıdır.
Qeyd edək ki, bu qərar 2022-ci ildə FED tərəfindən faizlərin 6-cı dəfə qaldırılması deməkdir. Mart ayında uçot dərəcəsi 0,25%, mayda 0,50%, iyun, ilyul və sentyabrda isə
ardıcıl 3 dəfə 0,75% faiz artırılmışdı.
FED-ın belə faiz qərarı gözlənildiyinə görə, ABŞ birjalarının qərara reaksiyası müsbət olub. S&P 500 indeksi 0,57% artaraq 3877,31-ə, Dow Jones indeksi 1,10% artaraq 33 030,07-ə, NASDAQ Composite indeksi isə 0,37% artaraq 10 940,74-ə yüksəlib.
ABŞ hökuməti FED-ın timsalında faiz dərəcələrini ölkədəki inflyasiyanın qarşısını almaq üçün artırır. Sentyabrda ABŞ-da qiymətlər illik ifadədə 8,2% artıb. Bir ay əvvəldə müqayisədə inflyasiya bir qədər azalsa da (8,3% olmuşdu), bu analitiklərin gözləntisindən yüksək olub (onlar 8,1% gözləyirdilər).
Baza inflyasiyası isə (ərzaq və enerji daşıyıcılarını nəzərə almadan) 6,6% təşkil edib.
FED-in bununla bağlı açıqlamasında bildirilir ki, faiz artımı bundan sonra da davamedə bilər, amma «artımın sonuncu mərhələsi başlayır»,
Qərar açıqlandıqdan sonra FED sədri Cerom Pauel mətbuat konfransında bildirib ki, əsas hədəf inflyasiyanı 2%-ə endirməkdir.
Qeyd edək ki, hazırda ABŞ-da inflyasiya təkcə iqtisadi məsələ deyil – qiymiət artımı ölkədəki aralıq seçkilər ərəfəsində birinci yerdədir.
Respublikaçılar yüksək inflyasiyanı ən mühüm problem kimi təqdim edərkən, günahı ABŞ prezidenti Co Bayden və onun partiyasının üzərinə atmağa çalışırlar.