Maliyyə Nazirliyinin 364 günlük qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi baş tutmayıb.
FED.az xəbər verir ki, sentyabrın 3-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0101060108 dövlət qeydiyyat nömrəli 100 milyon manat həcmində, tədavül müddətli 364 gün olan qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Amma hərracda sifarişçilər tərəfindən təklif olunan gəlirlilik dərəcəsi Emitenti, yəni Maliyyə Nazirliyini qane etmədiyinə görə hərrac baş tutmayıb.
Qeyd edək ki, Maliyyə Nazirliyinin bundan əvvəl - iyulun 2-də və avqustun 6-da keçirdiyi 364 günlük istiqraz hərracları uğurla baş tutmuşdu. Hətta həmin hərraclarda 50 milyon manat əvəzinə, sifarişlər çox olduğuna görə hər dəfə 75 milyon manat istiqraz yerləşdirilmişdi.
Həmin hərraclarda kəsmə qiymət eyni olub, yəni istiqrazlar eyni faizlə yerləşdirilib – 92,3325 manat (8.3499%).
Bununla yanaşı, sifarişlərdə faizlərin artımı hiss olunurdu. Belə ki, iyulun 2-də keçirilən hərracda minimal faiz dərəcəsi 92.5875 manat (8.0500%) olduğu halda, avqustun 6-da keçirilən hərraclarda bu göstərici 92.5449 manat (8.10%) həddinə qədər yüksəlmişdi.