Sosial media platforması Facebook, gələn il (2020) yeni bir kriptovalyuta vahidini bazara təqdim edəcəyini açıqlayıb.
FED.az xəbər verir ki, Facebook-dan verilən açıqlamada 2020-ci ildə bazara çıxarılacaq kriptovalyutanın "Libra" adlandırılacağı, Mastercard və Visa kimi ödəmə sistemləri tərəfindən dəstəklənəcəyi bildirilib.
Açıqlamada, Facebook-un kripto pul vahidinə əlavə "Calibra" adı verilən bir rəqəmsal kisə yaradacağı, platformanın istifadəçilərinin öz aralarında mesajlaşır kimi "Libra" transferi edə biləcəyi qeyd edilib.
Facebook açıqlamasında, "Dünyanın bir çox yerindəki insanlar ən adi səviyyədəki maliyyə xidmətlərindən istifadə edə bilmirlər. Dünyada yetkin yaşa çatanların haradasa yarısının bank hesabı yoxdur. İnkişaf edən ölkələrdə və qadınlar arasında bu nisbət daha da pisdir. İnkişaf edən bazarlarda kiçik müəssisələrin təxminən 70%-inin kreditə çıxışı yoxdur",- qeyd edib.
Açıqlamada Facebook istifadəçilərinin təqdim olunacaq yeni xidmətlə qənaət, xərc və pul transferi edə bilmələrinin hədəfləndiyi vurğulanıb.
Facebook açıqlamasında kriptovalyutanın və rəqəmsal kisənin Facebook Messenger, Whatsapp, ya da "Calibra"nın öz cib telefonu üçün proqramı üzərindən istifadə edilməsinin mümkün olacağı bildirilib.