Yanvar-sentyabr ayında Azərbaycandan xaricə ən çox qeyri-neət məhsulu ixrac edən şirkətlərin sırasında dəyişiklik olub.
FED.az xəbər verir ki, cəmi bir neçə ay əvvəl yaradılan 3 şirkət ölkədən ixracın liderləri siyahısına düşüb. Xatırladaqk i, hökumət hər ay ölkədən ən çox qeyri-neft ixracı edən 10 şirkətin şirkətlərin adını açıqlayır.
Bu dəfə siyahıya tanınmış şirkətlərlə yanaşı, indiyədək bu siyahıda olmayan 3 şirkət də yer alıb. Bunlar “Export Stream” MMC, “UYTROP” MMC və “HOPER” MMC şirkətləridir.
Yeni açıqlanan ixrac icmalına əsasən, yanvar-sentyabr aylarında “Export Stream” MMC - 40,2 milyon dollar, “UYTROP” MMC - 29,1 milyon dollar, “HOPER” MMC isə 22,9 milyon dollarlıq qeyri-neft məhsulu satıb.
Maraqlıdır ki, ötən il bu şirkətlər heç bir ixracla məşğul olmayıblar, “Export Stream” MMC ilk 10-luğa 2025-ci ilin mart ayında, “UYTROP” MMC iyun, “HOPER” MMC isə iyul ayından daxil olublar.
Ümumiyyətlə bu şirkətlər cəmi bir il əvvəl – 2024-cü ilin noyabrında yaradılıblar və bir neçə aya ixraclarını 100 milyon dollaradək artıra biliblər.
«Export Stream” MMC cəmi 1 ildir yaradılıb - ötən ilin 19 noyabrında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manat təşkil edir. Qanuni təmsilçisi Şahin Əhmədov Əli oğludur. Hüquqi ünvanı AZ1009, Bakı Şəhəri Nəsimi Rayonu, Ak.Şamil Əzizbəyov, ev.105 ünvanıdır.
«HOPER» MMC də «Export Stream” MMC ilə eyni gündə – 2024-cü ilin 19 noyabrında dövlət qeydiyyatına alınıb, 20 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Ramin Həmidov Həmidağa oğludur. Hüquqi ünvanı AZ1117, Bakı Şəhəri Binəqədi Rayonu, Biləcəri Ştq, Yəhya Hüseynov (Biləcəri Qəs.), ev.98, m.16 ünvanıdır.
“UYTROP” MMC isə digər iki şirkətdən 6 gün sonra – 2024-ün 25 noyabrında dövlət qeydiyyatına alınıb, 20 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Fuad Əliyev Vilayət oğludur. Hüquqi ünvanı AZ1023, Bakı Şəhəri Səbail Rayonu, Nesterov, ev.8a ünvanıdır.
Başqa sözlə, ötən ilin noyabrın 19-25-də yaradılan bu 3 şirkət bir neçə ayda ümumi ixraclarını 92,2 milyon dollara çatdıra biliblər.













