Pulu qoruyub saxlamaq və artırmaq, bəzən onu qazanmaqdan çətin olur.
İnvestorların, yəni əlində sərbəst vəsaiti olanların əsas qayğısı onları sərfəli şəkildə yatırmaqdır. Çünki düzgün yatırım etməyəndə nəinki gəlirdən məhrum olmaq, hətta yatırımın özünü də asanlıqla itirmək olar. Ona görə də etibarlı yatırım variantı tapmaq, pulu olanların baş sındırdığı əsas məsələdir.
İndiyədək azərbaycanlılar pulu ən çox bankda, əmlakda və qızılda saxlayırdılar. Əksəriyyət belə də davam edir. Amma son vaxtlar digər variantlar da ortaya çıxmağa başlayıb. İndi birjada qiymətli kağızlara - səhm və istiqrazlara da yatırım etmək olar. Xüsusilə istiqrazlar çox məşhurlaşıb, indiyədək qiymətli kağızlar bazarından xəbərsiz olanlar belə, indi istiqraza yatırım edir və alıb-satırlar.
Eləcə də bax: Fərqli ölkələrdə, bir milyon dollar qazanmaq nə qədər zaman alır?
Hazırda bazarda ən çox alınıb satılan qiymətli kağızlar dövlətə məxsus olanlardır. Bunlar Maliyyə Nazirliyinin manatla buraxdığı Dövlət Qısamüddətli İstiqrazları (DQİ) və dollarla buraxılmış SOCAR istiqrazlarıdır. Amma istiqrazı alıb-satmaq bir, bunlardan qazanmaq isə başqa məsələdir. İstiqrazlarla pul qazanmaq mümkündürmü? Ümumiyyətlə, yatırım məsələsində dövlətlə şəriklik sərfəlidirmi? Bunu bilmək üçün dövlət istiqrazlarının müsbət və mənfi cəhətlərinə baxmaq lazımdır.
1. Hansı variant daha gəlirlidir?
İstənilən yatırımı etməzdən əvvəl onun gəlirliliyinə baxmaq lazımdır. Məsələn, əmlak alıb icarəyə verən şəxs ildə təxminən 2-5%, banklara manatla əmanət qoyan şəxs isə manatla təxminən 8-9%, dollarla 1-2% gəlir əldə edir. Bunların fonunda istiqrazlar daha gəlirli görünür.
Belə ki, Maliyyə Nazirliyinin buraxdığı Dövlət Qısamüddətli İstiqrazları (DQİ) bir qədər əvvələ kimi ildə 14-17% gəlir gətirirdi. Son vaxtlar bu göstərici 8-10%-ə ensə də, yenə də sərfəlidir.
Yeri gəlmişkən, bu istiqrazların nə qədər gəlir gətirəcəyi onların satışı üçün keçirilən hərracda məlum olur. İstiqrazlara tələb-təklifdən asılı olaraq onların gəlirliyi də dəyişir.
SOCAR istiqrazlarında isə gəlir səviyyəsi sabitdir – illik 5%. Pulunu dollarda saxlayanlar onları ya illik 1-2%-lə banklara, ya da illik 5%-lə SOCAR İstiqrazlarına yatıra bilərlər.
2. Cəmi yarım saata nağd pul
Yatırımın qazanc gətirməsi hələ işin bir tərəfidir. Əsas məsələ, likvidlik – yəni həmin qazancı və, əgər lazım olsa, yatırımın özünü itki olmadan dərhal pula çevirə bilməkdir. Ayrı-ayrı yatırımları pula çevirmək üçün fərqli müddət tələb olunur. Məsələn, əmlakı satmaq üçün azı bir neçə həftə və ya aylarla gözləməlisən, daha tez satmaq üçün qiyməti endirmək tələb olunur. Qiymətli kağızları pula çevirmək daha asandır. Lakin bazardakı bəzi kağızlar üçün alıcı tapmaq qəlizdir. Alıcı tapılsa belə, onun təklif etdiyi qiymət kağızın əsl dəyərindən aşağı ola bilər. Buna əmin olmaq üçün qiymətli kağızlar bazarındakı qiymətlərlə maraqlanmaq kifayətdir.
SOCAR istiqrazlarında məsələ bir qədər fərqlidir. SOCAR bu kağızlara “geri alma” zəmanəti verib və istiqrazı istənilən vaxt, ən aşağısı nominal qiymətdən – 1000 dollardan geri satmaq olur. Satış prosesi də surətlidir. İstiqraz sahibi istiqrazı satmaq üçün müraciət etdikdən cəmi 20-30 dəqiqə sonra pul onun bank hesabına köçürülür.
3. Xaricilər bizim istiqrazlara inanırmı?
Yatırımın digər mühüm cəhəti etibarlılıqdır. Azərbaycanlılar daha çox qızıl və əmlak yatırımlarına etibar edir. Bəs dövlətin istiqrazlarına etibar etmək olarmı?
Maliyyə Nazirliyinin buraxdığı Dövlət Qısamüddətli İstiqrazları (DQİ) nəinki qiymətli kağızlar arasında, ümumiyyətlə bütün iqtisadiyyatda ən etibarlı yatırım aləti sayılır – çünki bu kağızların arxasında bütün resursları ilə Azərbaycan dövləti dayanır. Maliyyə Nazirliyinin xaricdə emissiya etdiyi avrobondlara da maraq ənənəvi olaraq yüksəkdir və bu kağızlar nominaldan yüksək qiymətə dövr edilir.
SOCAR istiqrazları isə ölkənin ən böyük şirkəti və biznes strukturu, yenə də dövlətə məxsus olan SOCAR tərəfindən buraxılıb. Hərçənd tam arxayınlıq üçün bu da kifayət etmir. Hər hansı şirkətin qiymətli kağızlarının nə qədər etibarlı olduğunu bilmək üçün həmin şirkətin əvvəllər buraxdığı, xüsusilə də xaricilər üçün nəzərdə tutulan qiymətli kağızlarına baxmaq daha düzgündür. Hazırda London Birjasında SOCAR-ın 1,75 milyard dollarlıq avrobondu (bu da istiqrazın bir növüdür) dövriyyədədir və onlara xarici investorlar tərəfindən böyük tələbat var. Xarici investorların yatırım edərkən qarşı tərəfi necə araşdırdığını yada salmaq kifayətdir ki, onların SOCAR kağızlarına inanıb-inanmadığı məlum olsun.
4. Pulu neçə illiyə yatırmaq lazımdır?
Ayrı-ayrı yatırım növləri üzrə investisiya müddəti fərqlidir. Əmlak və qızılda vaxt məhdudiyyəti yoxdur, bunlara pulu 100 illiyə də yatırmaq olar. Bank əmanətlərinin müddətini bank, istiqrazların müddətini isə emitent (onu buraxan şirkət) müəyyən edir.
İstiqrazların əsas mənfi cəhəti onların qısa müddətə buraxılmasıdır. Məsələn, Maliyyə Nazirliyinin isiqrazları bir qayda olaraq 1-3 il müddətinə, SOCAR istiqrazları isə 5 illiyə buraxılır. Bu müddət qazanc üçün əlverişli olsa da, uzunmüddətli maliyyə planlaşdırılması üçün o qədər də münasib deyil. Yəni bu istiqrazlarla məsələn 10 illik plan qurmaq mümkün deyil. 5 il bitən kim pulu götürüb başqa alətlərə, ya da yeni istiqraza yatırmaq lazım gələcək.
5. Pul həm hesabınızda, həm də cibinizdədir
Təsəvvür edin ki, sizə təcili pul lazımdır. Amma vəsaitlərinizin hamısını yatırım etmisiniz. Bu zaman nə edirik? Qızılı və ya əmlakı girov qoyub lombarddan pul götürürük. Ya da, banka 2-3 illiyə yatırdığımız əmanəti dərhal geri çəkirik, qazanacağımız faizlər də itir. Pulları iri obyektdə olanlar isə onu dəyər-dəyməzinə satmağa çalışırlar.
Qiymətli kağızlarda isə bu məsələ asanlıqla həll olunur. REPO əməliyyatı ilə qiymətli kağız girov qoyulur və aşağı faizlə kredit götürürülür. Proses cəmi 1-2 saat çəkir. Özü də bu zaman yatırımın şərtləri qüvvədə qalır, yəni kağızlar yenə də öz sahibinə qazanc gətirməkdə davam edir.
Daha sadə desək, pulunuz həm yatırımdadır, həm də istənilən vaxt onu götürüb, təcili istifadə etmək olar. İstiqraz sahiblərinin əksəriyyəti bu imkandan yenicə xəbər tutublar. Baxmayaraq ki, qiymətli kağızlar bazarında REPO imkanı çoxdan mövcud idi.
Maliyyə Nazirliyi ilə SOCAR İstiqrazlarının REPO şərtləri bir qədər fərqlidir. DQİ-lərin sahibi malik olduğu istiqrazların 100%-i qədər kredit götürə bilər. Məsələn, 10 min manatlıq DQİ olan şəxs, REPO əməliyyatı ilə elə 10 min manat kredit götürür. İllik faiz dərəcəsi isə pulun hansı müddətə götürülməsindən və məbləğindən asılı olaraq 6-13% arasında dəyişir.
SOCAR İstiqrazının sahibi isə REPO vasitəsilə, malik olduğu istiqrazların dəyərinin 95%-i qədər kredit götürə bilər. Faiz dərəcəsi illik 3,5-4% arasında dəyişir.
Məsələn, 10 istiqrazı olan şəxs 9500 dollar kredit götürür. Bu halda 3 aylıq faiz ödənişi cəmi 100 dollar olur. Müqayisə üçün: 10 min dollar krediti banklardan 12%-lə aldıqda, 3 aylıq faiz xərci 300 dollardır. Adi kreditlərdəki girov qiymətləndirməsi və rəsmiləşdirmə xərclərini də əlavə edəndə fərq daha böyük olur. Görünür elə buna görə, getdikcə daha çox istiqraz sahibi pula olan ehtiyacını REPO əməliyatı ilə ödəyir.
6. İnvestorların zəif nöqtəsi - «Bir hissəsini götürə bilərəm?»
İnvestorların əsas başağrısı buradadır - investisiyanı və ya yatırılan pulun bir hissəsini pula çevirmək. Bəzi yatırımlarda bu məsələ doğrudan da problemdir. Məsələn, hər hansı obyektin və ya avtomobilin bir hissəsini satmaq və pula çevirmək mümkün deyil. Hətta bank əmanətinin də bir hissəsni vaxtından əvvəl götürdükdə indiyədək imzalanan müqavilə qüvvədən düşür və faiz itkisi baş verir.
İstiqrazlar bu baxımdan daha çevik variantdır. İstənilən vaxt həm Maliyyə Nazirliyinin, həm də SOCAR-ın istiqrazının bir hissəsini satıb pula çevirmək mümkündür, qalan hissə isə yerində qalır və sahibinə gəlir gətirməkdə davam edir.
6. İstiqrazları almaq asandırmı?
İstiqrazları almaq o qədər də çətin deyil. Maliyyə Nazirliyinin İstiqrazlarının satışı ilə bağlı demək olar ki, hər ay Bakı Fond Birjasında hərrac keçirilir. Burada istiqrazlar üzrə sifarişlər toplanır və sonra satılacaq istiqrazlar bu sifarişlər əsasında investorlar arasında bölünür. Amma istiqrazlara tələbat böyük olduğundan heç də bütün investorlar bu kağızları ala bilmirlər. Axır vaxtlar keçirilən hərraclarda DQİ-yə tələbat bazara çıxarılan istiqrazların həcmini br neçə dəfə üstələyir.
SOCAR İstiqrazlarında məsələ daha sadədir. ASAN 1 və ASAN 5 xidmət mərkəzlərinə və ya istiqrazların marketmeykeri «PSG Kapital» şirkətinə müraciət etməklə onları qısa müddətdə həm almaq, həm də geri satmaq olar.
7. Pulu biznesə yatıraq, yoxsa istiqraza?
Təbii ki, pulları aktiv biznesə yatıraraq qat-qat artıq gəlir götürmək olar. İstənilən ticarətçi və ya xidmət sektorunda çalışanlar bunu sizə təsdiqləyərlər. Amma aktiv biznesin öz reallıqları və riskləri var. Bizneslə birbaşa məşğul olmaq istəyənlər vaxtlarını və resurslarını bütünlüklə ona sərf etməlidirlər. Qiymətli kağızlar isə bu pulu heç bir əmək və vaxt sərf etmədən qazanmağa imkan verir.
Əvəzində bazarda Maliyə Nazirliyinin və SOCAR-ın istiqrazlarının olması iş adamlarına başqa bir məsələdə kömək edib. Artıq hər hansı biznes layihəsini müzakirə edərkən müqayisə aparmaq üçün standart yaranıb: biznesin gəlirliyi manatla 8-9%-dən, dollarda isə 5%-dən yüksək olmalıdır. Əks halda pulu ya Maliyyə Nazirliyinin, ya da SOCAR-ın istiqrazlarına yatırıb əziyyətsiz-risksiz qazanmaq mümkündür. Başqa sözlə, dövlət istiqrazları biznes sektorunda müqayisə alətinə çevrilib.
Eləcə də bax: SOCAR istiqrazlarının - QİYMƏTLƏRİ
Əmlak, qızıl, bank əmanəti, yoxsa qiymətli kağızlar? – HANSI SƏRFƏLİDİR?
12:27
19 Mart 2018