Dünya Bankı bu ilin son rübündə xam neftin qiymətlərinin orta hesabla bir barel üçün 90 dollar olacağını, həmçinin qlobal iqtisadi artımın yavaşlaması nəticəsində gələn il bir barel üçün 81 dollara düşəcəyini gözləyirdi. Amma İsrail-HƏMAS müharibəsi proqnozları alt-üst edib.
Dünya Bankı: Neftin qiyməti 157 dollara qədər yüksələ bilər
FED.az xəbər verir ki, Dünya Bankının son hesabatına görə, sabitləşmə olacağı təqdirdə ümumi əmtəə qiymətlərinin gələn il 4,1 faiz azalacağı proqnozlaşdırılır. Bununla yanaşı, Fələstin-İsrail münaqişəsinin indiyədək qlobal əmtəə bazarlarına məhdud təsir göstərdiyini bildirən bank, oktyabrın 7-də döyüşlərin başlamasından bəri xam neftin qiymətlərinin təxminən 6 faiz artdığını bildirib.
Hesabata görə, münaqişə kəskinləşərsə, əmtəə qiymətləri ilə bağlı proqnozlar mənfi istiqamətdə sürətlə dəyişəcək, qlobal miqyasda aclıq təhlükəsi artacaq.
Dünya Bankının baş iqtisadçısı və iqtisadi inkişaf üzrə vitse-prezidenti İndermit Gill siyasətçiləri münaqişələrin pozucu təsirlərinə qarşı ayıq olmağa çağırıb. O deyib: "Münaqişə artarsa, qlobal iqtisadiyyat onilliklər ərzində ilk dəfə ikiqat enerji şoku ilə üzləşəcək. Ukrayna və Yaxın Şərqdəki müharibələr qlobal əmtəə bazarlarında ciddi risklər yaradır".
Dünya Bankının baş iqtisadçısı və Perspektivlər Qrupunun direktoru Ayhan Köse xəbərdarlıq edib ki, neftin qiymətinin artması ərzaq məhsullarının qiymətlərini yüksəldəcək. O əlavə edib: "2022-ci ilin sonunda 700 milyondan çox insan - dünya əhalisinin təqribən onda biri - qida çatışmazlığından əziyyət çəkirdi. Son münaqişənin genişlənməsi təkcə regionda deyil, həm də bütün dünyada ərzaq təhlükəsizliyi riskini gücləndirəcək". (Azərtac)