Maliyyə Nazirliyinin 1 illik istiqrazlarının yerləşdirilməsi üzrə 30 mart tarixində keçirilən hərracda 7 qat artıq tələb qeydə alınıb.
FED.az xəbər verir ki, 30 mart 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104003873 ISIN-li, 10 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 90,9544 (10,00%) və 94,9033 (5,40%) olan 28 sifariş təqdim edilmişdir.Sifarişlərin ümumi məbləği 99 milyon manat olub.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94,8138 (5,50%), orta ölçülmüş qiyməti 94,8235 (5,49%) müəyyən edilmişdir. Üstəlik, gəlirlilik sərfəli həddə düşdüyündən nazirlik əvvəl nədərdə tutduğundan 50% artıq istiqraz yerləşdirib. Nəticədə sifarişlərin nominal qiymətlə ümumi məbləği 99 milyon manat olduğu halda 15 milyon manat istiqraz yerləşdirilib. İstiqrazların ödəmə tarixi 29 mart 2022-ci il.
Hərrac iştirakçıları 31 mart 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.