Əgər Mərkəzi Bank, Maliyyə Nazirliyi, İpoteka və Kredit Zəmanəti Fondu qiymətli kağızlar yerləşdirməsəydilər bu dövrdə Bakı Fond Birjası demək olar ki, işsiz qalardı.
FED.az birjanın statistikasına istinadən xəbər verir ki, 2021-ci ilin ilk 6 ayında Bakı Fond Birjasında əqdlərin cəmi həcmi 8 milyard 303 milyon 60 min manat təşkil edib. Əməliyyatların 8 milyard 263 milyon 724 min manatlıq hissəsi və ya 99,5%-i dövlət qiymətli kağızları üzrə (Mərkəzi Bankın notları, Maliyyə Nazirliyinin dövlət istiqrazları və İpoteka və Kredit Zəmanəti Fondunun ipoteka istiqrazları), 39 milyon 336 min manatlıq hissəsi və ya 0,5%-i özəl sektorun qiymətli kağızları üzrə (səhmlər və istiqrazları) olub.
2021-ci ilin ilk 6 ayında dövlət istiqrazları üzrə 4 milyard 392 milyon 477 min manatlıq, Mərkəzi Bankın notları üzrə 3 milyard 703 milyon 289 min manatlıq, ipoteka istiqrazları üzrə 167 milyon 910 min manatlıq əqdlər bağlanıb.
Bu ilin ilk 6 ayında korporativ qiymətli kağızlar bazarında özəl sektor tərəfindən cəmi 5 milyon 500 min manatlıq səhmlər, 2 milyon manatlıq istiqrazlar yerləşdirilib. Qısası, dövləti çıxsaq qiymətli kağızlar bazarı yox səviyyəsindədir. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.