Oktyabrın 18-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 15 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (AZ0105029943 ISIN-li) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 90.2486 (10%) manat və 98.1487 (5.49%) manat olan 25 sifariş təqdim edilib. Sifarişlərin ümumi həcmi isə istiqrazlanrın həcmindən 7 dəfə artıq olaraq 106 milyon manat təşkil edib.
Amma Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 98.1487 (5.49%) manat müəyyən edilib. Nəticədə 106 milyon manatlıq sifarişə qarşı cəmi 15 milyon istiqraz yerləşdirilib.
Baxmayaraq ki, investorların təklifləri uyğun olsaydı, daha 7,5 milyon manatlıq istiqraz yerləşdirmək mümkün olardı. Məsələ bundadır ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracın nəticəsindən məlum olur ki, sifariş verən investorların əksəriyyəti Maliyyə Nazirliyənin müəyyən etdiyindən daha artıq gəlir səviyyəsi gözləyirmiş.
Hərrac iştirakçıları 19 oktyabr 2022-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 15 oktyabr 2024-cü il.