2020-ci ildə Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 1 milyard 163 milyon 194 min manat borc alıb.
FED.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 504 milyon 186 min manat və ya 76,5% çoxdur (indiyədək qeydə alınmış ən böyük artım). Belə ki, Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 2018-ci ildə 872 milyon 758 min manat, 2019-cu ildə isə 659 milyon 8 min manat cəlb etmişdi.
2021-DƏ 2 MİLYARDA MANATA ÇATACAĞI GÖZLƏNLİR
Maliyyə Nazirliyi 2021-ci ildə, həm istiqrazlar üzrə qaytarılacaq əsas borcun daxili bazarda təkrarmaliyyələşdirilmə hesabına təmin edilməsi, həm də büdcə kəsirinin bağlanması üçün təqribən 2 milyard manat məbləğində dövlət istiqrazları emissiya etməyi nəzərdə tutur. 2018-2020-ci illərdə yerləşdirilən və əsas borcu 2021-ci ildə qaytarılacaq istiqrazların ümumi məbləği 681,5 milyon manat təşkil edir və bu məbləğin daxili bazardan cəlb ediləcək vəsait hesabına təkrar maliyyələşdirilməsi planlaşdırılır. Büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə daxili bazarda yerləşdiriləcək dövlət istiqrazları hesabına əlavə 1,3 milyard manat məbləğində vəsaitin cəlb edilməsi nəzərdə tutulur. (Marja)