Prezident İlham Əliyev «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası»nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
FED.az xəbər verir ki, bu qaydalar dövlət başçısının 2018-ci il 31 may tarixli 97 nömrəli fərmanı ilə təsdiqlənmişdi.
Yeni fərmana əsasən Qaydaların 3.4-cü bəndindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalma müqaviləsi bağlanmış və” sözləri çıxarılır.
Xatırladaq ki, bu qaydalarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəsaitlərinin müxtəlif maliyyə alətlərinə investisiya edilməsi də nəzərdə tutulur.
Sözügedən bənddə isə vəsitlərin investisiya edilməsini həyata keçirən şirkətin seçimi qaydası əksini tapıb.
Dəyişiklikdən əvvəl qaydaya görə, Agentliyin sərbəst maliyyə vəsaitinin maliyyə alətlərinə investisiya edilməsi üçün şirkət Agentliyin İdarə Heyətinin qərarı ilə müəyyən edilirdi. Bu zaman həmin şirətlə “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq satınalma müqaviləsi bağlanmalı idi. Yəni vəsaitləri investisiya edəcək şirkət satınalmalar haqqında qanunla seçilməli idi.
İndi isə bu tələb aradan qaldırılır. Yəni Agentlik sözügedəe vəsaitlərin maliyyə alətlərinə investisiya edilməsi üçün idarə heyətinin qərarı ilə verəcək. Qarşı tərəfin “Qiymətli kağızlar bazarı haqqında” Qanunda nəzərdə tutulmuş lisenziyaya malik olması kifayətdir.













