“AFB Bank” Açıq Səhmdar Cəmiyyəti ABŞ dollarında istiqraz buraxır.
FED.az bankın baza emissiya prospektinə istinadən xəbər verir ki, emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 100 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazı buraxılır.
Beləliklə, istiqraz buraxılışının ümumi həcmi 10 milyon ABŞ dolları təşkil edir.
Prospektə əsasən, istiqrazların valyutası ABŞ dollarıdır. Birinci buraxılış üzrə istiqrazların illik faiz dərəcəsi 7,2 faiz müəyyən edilib.
Birinci buraxılış istiqrazları üzrə ödənilməli olan faizlər istiqrazların tədavül müddətində, yəni yerləşdirilmə tarixindən etibarən 18 ay ərzində, ildə günlərin sayı 360 gün, ayda günlərin sayı isə 30 gün götürülməklə hər 90 gündən bir ödəniləcək.
İkinci buraxılış istiqrazları üzrə tədavül müddəti isə baza emissiya prospektinin Yekun Şərtləri №2 ilə müəyyən olunacaq.
Baza emissiya prospektində qeyd olunur ki, istiqrazlar təmin edilməmiş qiymətli kağızlardır. Bank istiqrazların tədavül müddəti ərzində onların geri satın alınması hüququndan istifadə etməyi nəzərdə tutmur və bu istiqamətdə hər hansı öhdəlik daşımır.
İstiqraz sahibləri emitentin ləğvi və ya müflis elan olunması halında digər tələblər tam ödənildikdən sonra istiqrazların nominal dəyərini və hesablanmış, lakin ödənilməmiş faiz gəlirlərini almaq hüququna malik olacaqlar.
Buraxılacaq istiqrazların anderraytinqi və yerləşdirilməsi “ABB-İnvest İnvestisiya Şirkəti” QSC tərəfindən həyata keçiriləcək. Şirkət 18 sentyabr 2020-ci il tarixli müddətsiz lisenziya əsasında qiymətli kağızlar bazarında əsas və yardımçı investisiya xidmətləri göstərir.
Prospektə əsasən, istiqrazların yerləşdirilməsi prosesində “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin maraqları kommersiya xarakterlidir.















