Dəmir filizinin qiyməti investorların qısa mövqelərini (short positions) bağlaması fonunda yeddi həftədən sonra ilk dəfə ton üçün 100 dollar səviyyəsini keçib.
FED.az xəbər verir ki, Çində bayram ərəfəsində metallurgiya zavodlarının dəmir filizi alaraq ehtiyatlarını artıracağı gözləntiləri və yüksək fraxt xərcləri də qiymətlərin yüksəlməsinə dəstək verib.
Yuanla ifadə olunan fyuçers müqavilələrinin qiyməti də 1,8%-dək yüksəlib.
S&P Global Energy-nin quru yük daşımaları və əmtəə araşdırmaları üzrə rəhbəri Pranay Şukla bildirib ki, qiymətlərdəki hərəkət əsasən investorların qısa mövqelərini bağlaması ilə əlaqədardır.
Fundamental göstəricilər də dəmir filizinin qiymətini dəstəkləyir.
Çində polad zavodlarının oktyabrda keçiriləcək Milli Gün bayramı ərəfəsində dəmir filizi ehtiyatlarını artıracağı (alışlar edəcəyi) ilə bağlı gözləntilər güclənir. Eyni zamanda, sentyabrda tikinti fəaliyyətində mövsümi canlanmanın baş verəcəyi ilə bağlı nikbinlik artır.
Qeyd edək ki, qısa mövqedə olan investor qiymətin düşəcəyinə mərc edir. Sonra bu mövqeni bağlamaq üçün bazarda həmin fyuçersi geri almalı olur. Alışlar artdığı üçün qiymət də yuxarı gedə bilər.
Məsələn:
- İnvestor dəmir filizi fyuçersini 95 dollardan short edir.
- Qiymət 98–99 dollara qalxmağa başlayır.
- Zərərin böyüməsindən qorxaraq "short" mövqeyini bağlayır.
- Bunun üçün müqaviləni alır.
Çoxlu investor eyni vaxtda bunu edərsə, əlavə alış dalğası yaranır və qiymət qalxa bilər. Buna bazar dilində "short covering" deyilir. Əgər investorlar uzun mövqelərini (long positions) bağlasaydılar, onda əksinə, satış etməli olardılar və bu, qiymətə aşağı istiqamətdə təzyiq göstərə bilərdi.













