Oktyabrın 18-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” QSC -nin ümumi dəyəri 3 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən FED.az-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 3 min ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 10 faiz, tədavül müddəti 3 ildir. Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya şirkəti” QSC-dir. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.