Bakı Fond Birjası (BFB) 2026-cı ilin yanvar-avqust ayları üzrə investimiya şirkətlərinin dövriyyəsini açıqlayıb.
FED.az birjaya istinadən xəbər verir ki, yanvar-avqust aylarında BFB-da investisiya şirkətlərinin dövriyyəsində ciddi dəyişikliklər olub. Bəzi şirkətlər dövriyyəsini bir neçə dəfə artırdığı halda, ötən ilin liderlərindən bir qismində əhəmiyyətli azalma qeydə alınıb.
FED.az-ın BFB məlumatları əsasında apardığı hesablamaya görə, birjadakı 12 investisiya şirkətinin ümumi dövriyyəsi 12,64 milyard manat və ya 19,2% azalaraq 2025-ci ilin yanvar-avqustundakı 65,86 milyard manatdan 2026-cı ilin eyni dövründə 53,22 milyard manata düşüb.
«Unicapital»ın dövriyyəsi 3,6 dəfə artıb
Birjadakı investisiya şirkətləri arasında ən yüksək artımlardan biri Unicapitalda qeydə alınıb. Şirkətin dövriyyəsi 2025-ci ilin ilk 8 ayında 1,45 milyard manat olduğu halda, bu ilin eyni dövründə 3,6 dəfə artaraq 5,21 milyard manata yüksəlib. Dövriyyədəki 3,76 milyard manatlıq artımın əsas mənbəyi repo bazarıdır. Şirkətin repo əməliyyatları 879,1 milyon manatdan 4,89 milyard manata yüksəlib.
«İnvest-Az»da dövriyyə təxminən 3 dəfə artıb
Ölkənin ən qocaman, eyni zamanda fəal investisiya şirkətlərindən olan «İnvest-Az» da dövriyyəsini sürətlə artırıb. 2025-ci ilin yanvar-avqustunda şirkətin ümumi dövriyyəsi 1,64 milyard manat idi. 2026-cı ilin eyni dövründə göstərici 3 dəfə artaraq 4,83 milyard manata yüksəlib.
«İnvest-Az»ın fəallığı onun müştərilərinin əməliyyatlarının sayından da görünür - əməliyyat sayı ötənilki 1 066-dan bu il 3 960-a yüksəlib – artım təxminən 3,7 dəfədir.
«Troni» şirkətində yüksək fəallıq - əməliyyat sayı 60% artıb
Birjanın gənc üzvlərindən olan «Troni» şirkəti isə bütün alətlər üzrə yüksək fəallığı ilə diqqəti gəlb edir. 2026-cı ilin yanvar-avqust aylarında şirkətin birja dövriyyəsi 2025-ci illə müqayisədə 2,7 dəfə azalıb 192 milyon manata ensə də, bu yalnız repo əməliyyatlarının 81% azalması səbəbindən hesabına baş verib.
Digər alətlərlə əməliyyatlar üzrə «Troni»də ciddi artım müşahidə edilir. Belə ki, şirkətin Mərkəzi Bankın qiymətli kağızlar üzrə əməliyyatları 108 dəfə artaraq 2025-ci ildəki 497 min manatdan bu il 53,7 milyon manata yüksəlib. Bundan başqa, şirkətin korporativ istiqrazlarla əməliyyatları 29 dəfə, səhmlərlə əməliyyatları 72% artıb. «Troni»də fəallıq göstəricisi olan əməliyyatların sayında da kəskin artım baş verib. 2025-ci ilin ilk 8 ayında şirkət üzrə 4 325 əməliyyat qeydə alınmışdı. 2026-cı ilin eyni dövründə əməliyyatların sayı 6 907-yə yüksəlib – 60% artım
«PAŞA Kapital»da əməliyyatların sayı 8,4 dəfə artıb
Bu il dövriyyələr üzrə əsas dəyişikliklərdən biri PAŞA Kapitalda qeydə alınıb. 2025-ci ilin ilk 8 ayında şirkətin BFB-də ümumi əməliyyatlarının həcmi 28,39 milyard manat olduğu halda, 2026-cı ilin eyni dövründə göstərici 9,79 milyard manata düşüb. Azalmanın əsas hissəsi repo əməliyyatlarına aiiddir - 23,36 milyard manatdan 7,6 milyard manata düşüb.
Əvəzində şirkətin şirkətin əməliyyatlarının sayı 5 669-dan 47 656-ya yüksəlib, yəni təxminən 8,4 dəfə artıb.
«ABB İnvest»in dövriyyəsi 2% artıb
2026-cı ilin ilk 8 ayında investisiya şirkətləri arasında ən böyük dövriyyə «ABB İnvest»də qeydə alınıb – 24,46 milyard manat. «ABB İnvest»in dövriyyəsinin böyük hissəsi repo əməliyyatlarının payına düşür – 23,05 milyard manat. Bundan əlavə, şirkət 610 milyon manatlıq dövlət istiqrazları, 414 milyon manatlıq AMB qiymətli kağızları və 364 milyon manatlıq korporativ istiqraz əməliyyatları həyata keçirib.
«Assist Finance»də dövriyyə 18,5% azalıb
Assist Finance-də isə əks istiqamətdə dəyişiklik baş verib.
Şirkətin dövriyyəsi 3,08 milyard manatdan 2,51 milyard manata düşüb.
Azalma təxminən 571,5 milyon manat və ya 18,5% təşkil edib. Bununla belə, əməliyyatların sayı 1 272-dən 1 389-a yüksəlib.
«Xalq Kapital»da təqribən 8 dəfə azalma
Dövriyyəsi ən ciddi azalan təşkilatlar arasında Xalq Kapital xüsusilə seçilir. 2025-ci ilin ilk 8 ayında şirkətin dövriyyəsi 1,85 milyard manat olduğu halda, 2026-cı ilin eyni dövründə cəmi 240,4 milyon manat təşkil edib.
Bu il şirkət AMB kağızları ilə ümumiyyətlə əməliyyat aparmayıb, korporativ istiqrazlar üzrə dövriyyə isə 141 milyondan 13 milyon manata enib. Repo dövriyyəsində isə 7 dəfəlik azalma var. Nəticədə dövriyyə 1,61 milyard manat və ya 87% azalıb.
«CFI Financial» dövriyyəsinin 90%-ni itirib
Faiz ifadəsində ən böyük azalmalardan biri CFI Financialda qeydə alınıb.
Şirkətin dövriyyəsi 199,3 milyon manatdan 22,4 milyon manata düşüb. Bu, 176,9 milyon manat və ya 88,7% azalma deməkdir. Şirkətin bütün alətlər üzrə əməliyyatlarında kəskin azalma baş verib.
İnno Kapitalda yüksək faiz artımı – 342%
Faiz baxımından ən böyük dövriyyə artımı İnno Kapitalda baş verib.
Şirkətin dövriyyəsi 183,98 milyon manatdan 813,06 milyon manata yüksəlib.
Artım təxminən 629,1 milyon manat və ya 341,9% təşkil edir. Yəni şirkətin dövriyyəsi bir il ərzində 4,4 dəfə artıb.
Burada da əsas hərəkətverici qüvvə repo əməliyyatları olub – 2026-cı ilin ilk 8 ayında İnno Kapitalın repo dövriyyəsi 758,4 milyon manat təşkil edib.
CPM-İnvest 4,77 milyard manata çatıb
CPM-İnvestin dövriyyəsi də artıb. Şirkət 2025-ci ilin yanvar-avqustunda 3,48 milyard manat, 2026-cı ilin eyni dövründə isə 4,77 milyard manat həcmində əməliyyat həyata keçirib. Nəticədə dövriyyə 1,28 milyard manat və ya 36,9% artıb.
Digər şirkətlər
«MFX Trading»də dövriyyə 148,5 milyon manatdan 44,3 milyon manata enərək 70,2%, «Capital Partners»-də isə 917 milyon manatdan 337,9 milyon manata enərək 63,2% azalıb.
Müqayisə edilən investisiya şirkətlərində vəziyyət:
|
İnvestisiya şirkəti |
yanvar-avqust, 2025 |
yanvar-avqust, 2026 |
Dinamika |
|
İnno Kapital |
184,0 mln |
813,1 mln |
+341,9% |
|
Unicapital |
1,454 mlrd |
5,214 mlrd |
+258,7% |
|
İnvest-Az |
1,641 mlrd |
4,835 mlrd |
+194,7% |
|
CPM-İnvest |
3,485 mlrd |
4,769 mlrd |
+36,9% |
|
ABB İnvest |
23,978 mlrd |
24,457 mlrd |
+2,0% |
|
Assist Finance |
3,083 mlrd |
2,511 mlrd |
−18,5% |
|
Capital Partners |
917,0 mln |
337,9 mln |
−63,2% |
|
Troni |
529,5 mln |
192,8 mln |
−63,6% |
|
MFX Trading |
148,5 mln |
44,3 mln |
−70,2% |
|
Xalq Kapital |
1,854 mlrd |
240,4 mln |
−87,0% |
|
CFI Financial |
199,3 mln |
22,4 mln |
−88,7% |
Dövriyyə azalır, əməliyyat sayı artır
Qeyd edildiyi kimi, 12 investisiya şirkətində ümumi dövriyyə hesablamamıza görə 19,2% azalaraq 65,86 milyard manatdan 53,22 milyard manata düşüb.
Amma həmin şirkətlər üzrə əməliyyatların sayı təxminən 39,2 mindən 89,9 minə yüksəlib – artım təxminən 129%, yəni 2,3 dəfədir. Şirkətlər üzrə əməliyyat sayları hər iki BFB cədvəlində ayrıca göstərilib.













