16-20 sentyabr həftəsində ABŞ birjalarında səhmləri ən çox ucuzlaşan və bahalaşan şirkətlər məlum olub.
FED.az müxtəlif sahələrə aid olan sözügedən şirkətlərin siyahısını təqdim edir.
Səhmi bahalaşan şirkətlər
«Bausch + Lomb Corporation» - səhmi 28,36% bahalaşıb, qiyməti $19,96
Gözlərin sağlamlığı üzrə ixtisaslaşan şirkətin səhmləri ona görə bahalaşıb ki, ona birbaşa investisiya fondlarının maraqlarının olduğu məlum olub. Doğrudan da «Blackstone», «Advent International» və «TPG Capital» kimi investisiya şirkətləri «Bausch + Lomb Corporation»un səhmlərinin alınması ilə bağlı təklifi nəzərdən keçirirlər. Bu da investorlar arasında bu şirkətin səhmlərinə marağı artırır.
Analitiklər hesab edir ki, «BLCO»nun səhmləri hələlik tam qiymətinə çatmayıb, yəni gələcəkdə artıma meyllidir.
«Mobileye» - səhmi 13,47% bahalaşıb, qiyməti $21,84
«Mobileye» şirkəti pilotsuz uçuş texnologiyaları ilə məşğuldur. Onun səhmlərinin qiyməti «İntel» şirkətinin bəyanatından sonra yüksəlib. Məsələ bundadır ki, «İntel» şirkəti «Mobileye»nin əsas səhmdarlarından biridir və «İntel» elan edib ki, bu şirkətdəyi payını satmaq niyyətində deyil. Bu açıqlama investorların «Mobileye»nin səhmlərinə inamını artırıb.
«TI Fluids Systems» - səhmi 14,13% bahalaşıb, qiyməti $166,40
İstilik tənzimləmələri üzrə fəaliyyət göstərən «TI Fluids Systems» Britaniya şirkəti daha böyük şirkətin, avtomobil hissələri buraxan « ABC Technologies» şirkətinin birləşmək haqqında iki təklifini rədd edib. «ABC Technologies» şirkəti «TI Fluids Systems»in səhmlərinə əvvəlcə 165 funt, sonra 176 funt sterlinq təklif edirdi. İmtinalara baxmayaraq «ABC» şirkəti yenə də «TI Fluids Systems»in səhmlərini almaq istəyir, bununla bağlı yeni təklif hazırlayır. Bu barədə məlumatlar isə təbii ki, şirkətin səhmlərinə marağı artırmaqdadır.
«Nike» - səhmi 9,51% bahalaşıb, qiyməti $86,52
«Nike» şirkətinin səhmlərinin bahalaşmasına səbəb onun rəhbərliyinin dəyişəcəyi barədə açıqlama olub. Bildirilir ki, şirkətin baş direktoru Con Donaxyu işdən çıxacaq, investorlar buna seviniblər. Onlar hesab edir ki, baş direktor işdən getdikdən sonra Amerika brendi üçün yeni dövrə başlayacaq. Bu ümidlər özünü səhmlərin bahalaşmasında göstərib.
«Darden Restaurants» - səhmi 6,19% bahalaşıb, qiyməti $170,17
«Darden Restaurants»ın səhmlərinin qiyməti onun «Uber Technologies» çatdırma şirkəti ilə əməkdaşlığa başlamasından sonra yüsəlib. Bu əməkdaşlıq çərçivəsində «Olive Garden» restoranlar şəbəkəsi üzrə ayrıca çatdırma xidməti qurulacaq. Nəticədə yeməkləri elə restoranın saytandan sifariş etmək mümkün olacaq, çatdırmanı isə «Uber» edəcək. Bu anlaşmadan sonra «Uber»in də səhmləri bahalaşıb.
Səhmi ucuzlaşan şirkətlər
«Kaspi Bank» - səhmi 21,66% ucuzlaşıb, qiyməti $97,6
Qazaxıstanın fintex-şirkətinin səhmləri, hansı ki, bu ilin yanvarından «Nasdaq» birjasında satılır qalmaqallı hesabatdan sonra ucuzlaşmağa başlayıb. Bir qədər əvvəl «Culper Research» qrupu elan edib ki, Qazaxıstan bankı Rusiya ilə əlaqələri olmasını ABŞ-ın müvafiq qurumlarından gizlədir. «Culper»in hesabatına görə, «Kaspi» özünün aktiv istifadəçilərinin həcmini açıqlamır, eləcə də Rusiyadan olan depozit və ödənişlərin həcmini tam göstərmir.
«Trump Media & Technology Group Corp» - səhmi 24,6% ucuzlaşıb, qiyməti $13,55
ABŞ-ın keçmiş prezidenti və qarşıdakı seçkilərdə prezidentliyə namizəd Donald Trampa məxsus olan sosial şəbəkənin səhmləri təkcə cümə günü 4,5% azalıb. Ümumiyyətlə isə aprel ayından bəri sosial şəbəkənin səhmləri 80% ucuzlaşıb. Şəbəkənin səhmlərinin 57%-i Trampa məxsusdur. Buna baxmayaraq keçmiş prezident elan edib ki, öz səhmlərini satmayacaq.
«Fedex», səhmi 11,08% ucuzlaşıb, qiyməti $254,64
Məşhur nəqliyyat şirkətinin səhmlərinin ucuzlaşması bir qədər gözlənilməz olsa da, qanunauyğundur. «Fedex» bir qədər əvvəl yarım illik hesabatını açıqlayıb və məlum olub ki, şirkətdə səhmbaşına düşən gəlir cəmi 3,6 dollar olub. Ötən il bu rəqəm 4,55 dollar idi. Nəticəsi səhmin azalması olub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.