ABŞ və İsrailiin İrana hücumu ilə başlayan və təqribən 20 günlük davam edən müharibədə dünya iqtisadiyyatı üçün ən kritik dövr başlayıb.
ABŞ və İsrail İranın cənubundakı neft-qaz obyektlərinə zərbələr endirib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, indiyədək adətən «toxunulmayan» neft və qaz obyektlərinə güclü zərbələr endirilməsinə başlanılıb. Nəticədə dünya bazarında neftin qiyməti son bir ildə ən yüksək həddə qalxıb.
«Brent» markalı neftin qiyməti dünən London birjasında 112 dollara yüksəlib ki, bu da 2025-ci ilin 9 martından bəri ən yüksək qiymətdir və bahalaşma hələ davam edir.
Xatırladaq ki, ümumiyyətlə müharibə neft bazarının əsas ərazisi olan Yaxın Şərqdə getdiyinə görə neft qazla bağlı ümumi gərginlik vardı, üstəlik İranın Hörmüz boğazını bağlaması qiymətləri artırmışdı. Amma indiyədək tərəflər, xüsusilə də ABŞ-İsrail cütlüyü İranın neft yataqlarına zərbə endirməkdən çəkinirdi. Dünəndən başlayaraq isə bu qadağa da aradan qaldırılıb – İsrail İranın əsas neft yataqlarına zərbələr endirməyə başlayıb.
Eksprtlər artıq şübhə temirlər ki, neft-qaz infrastrukturuna zərbələr belə aktiv davam etsə neftin qiyməti 120 dolları keçəcək.
İsrailin İranın «Cənubi Pars» qaz yatağına hücumundan sonra Yaxın Şərqdəki bir neçə enerji obyektini hədəf almasından sonra neft qiymətləri cümə axşamı günü 3%-ə qədər artıb. Brent markalı neftin fyuçersləri 3,44 faiz artaraq 111,07 dollara, ABŞ xam nefti (WTI) isə 2,38 faiz artaraq 98,61 dollara çatıb. Bu gün isə qiymət artımı yenidən davmm edir.
İran da öz növbəsində İsrailin müttəfiqi olan Qətərə zərbələr endirməyə başlayıb - İranın Qətərin əsas mayeləşdirilmiş təbii qaz emalı mərkəzi olan «Ras Laffan»a raket hücumları enerji müəssisəsinə "böyük ziyan" vurub. Birləşmiş Ərəb Əmirliklərində isə bildirilir ki, göydə vurulan raketlərin qalıqları» Habshan qaz zavoduna və Bab neft yatağına zərər verdikdən sonra bəzi enerji əməliyyatlarını dayandırıb.
Xatırladaq ki, «Cənubi Pars» dünyanın ən böyük qaz yatağıdır. Onun bir tərəfi İrana, digər tərəfi isə ABŞ-ın müttəfiqi Qətər tərəfə düşür.
İndi isə İranın Cənubi Pars qaz yatağına və Asaluyə neft obyektlərinə hücum xəbəri qlobal enerji bazarlarını sarsıdıb. İran dövlət televiziyası hücumları təsdiqləyib, Tehran isə qonşu ölkələrin enerji infrastrukturunu hədəfə alacaq «qisas» vəd edib.
Dünyanın neft və maye qazının təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında gəmiçilik hərəkəti, siyasi risklər və təhlükəsizlik narahatlıqları səbəbindən demək olar ki, tamamilə dayanıb.
Dünya iqtisadiyyatına "dizel" təzyiqi
Artan enerji xərcləri sənaye və logistika zəncirləri vasitəsilə inflyasiyaya səbəb olur:
ABŞ-da dizel yanacağının qiyməti qallon üçün 5 dollardan yuxarı qalxıb. Bu, təchizat zəncirinin xərclərini artırır və istehlakçı qiymətlərinə əlavə təzyiq göstərir.
Hörmüz boğazındakı çətinliyi aradan qaldırmaq üçün region ölkələri alternativ marşrutlara üz tutur. Məsələn İraq, İraqın Kürdüstan bölgəsindən Türkiyənin Ceyhan limanına qədər uzanan boru kəməri ilə daşınmaları bərpa etmək qərarına gəlib. Lakin ekspertlər qeyd edirlər ki, bu istehsal xəttinin gücü İraqın müharibədən əvvəlki istehsal səviyyəsinin yalnız kiçik bir hissəsini ödəyə bilər.
Dünyada baş verən hadisələr Azərbaycan neftini də bahalaşdırır. Azərbaycanın dünyaya satdığı «Azeri Light» neftinin qiyməti ötən həftə 120 dollara yaxınlaşmışdı və Yaxın Şərqdəki son hadisələrdən sonra bu həftə bir qədər də bahalaşacaq.











