19 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC-nin ümumi dəyəri 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
FED.az xəbər verir ki, Birjanın yaydığı məlumatda bildirilir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “CPM Invest Investisiya Şirkəti” ASC-dir.
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 500 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 14 %, tədavül müddəti 540 gün, kupon faizlərinin ödəniş müddəti hər 90 gündən birdir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.