Maliyyə və rəqəmsal texnologiyaların inkişafı, həmçinin kriptovalyuta bazarında rəqəmsal aktivlərin qiymətlərinin artım prespektivləri investorların kriptovalyuta sektoruna diqqətini cəlb etməyi bacarıb. Faktiki olaraq kriptovalyutalar yüksək riskli maliyyə aktivi olmasına baxmayaraq investorları üçün son 10 ilin ən gəlirli investisiya alətinə çevrilib.
Hazırda kriptovalyuta sektorunda hansı proseslər gedir? İnvestorlar rəqəmsal aktivlər haqqında nəyi bilməlidirlər? Kriptovalyuta sektorunda 2019-cu ildə baş verənlərlə bağlı “Blockchain Azərbaycan Mərkəzi”-nin həmtəsisçisi, kriptoinvest.az portalının və Crypto Consulting şirkətinin rəhbəri Elnur Quliyev geniş müsahibə verib.
FED.az Banker.az-a istinadən müsahibəni təqdim edir:
Eləcə də bax: Azərbaycanda kriptovalyuta ilə necə ödəniş etmək olar? – EKSPERT
— Kriptovalyutalara investisiya edərək necə qazanmaq olar?
— Bu sual artıq son 2 ildir bir çox insanları maraqlandırır. Bəziləri vaxtında almadıqları üçün təəssflənir, bəzləri isə kriptovalyutalara, əsasən də bitcoin-ə investisya etməyin artıq gec olduğunu düşünür. Qeyd edim ki, kriptovalyutalara investisiya etməklə gəlir əldə etməyin 4 əsas üsulu var:
- İnvestor strategiyası – kriptovalyutanı alıb uzunmüddətli mövqedə bahalaşmasını gözləmək və bahalaşdıqdan sonra satmaq;
- Treyder strategiyası – kriptovalyutalarla ticarət etmək və onların məzənnə fərqində qazanmaq. Bitcoin hazırda ən çox mübadilə olunan rəqəmsal valyutadır və onun qiymətinin volatil olması treyderlərə qısamüddətli mövqedə ticarət etməklə qazanmağa imkan yaradır;
- Xüsusi mayninq üçün avadanlıqlar almaqla kriptovalyuta əldə etmək. Bu üsul nisbətən daha çox zaman alır və kriptovalyutanın qiymətindən aslı olaraq gəlir gətirir.
- İCO və İEO-larda iştirak etməklə şirkətlərin (startaplar) daxili valyutası olan – token almaq. Layihə uğurlu olacağı təqdirdə tokenlərin dəyəri qalxır. Lakin real praktikda belə nümunələr çox azdır.
— Kriptovalyutalar kağız pulları nə vaxt əvəz edəcək?
— Kriptovalyutaların fiat valyutaları əvəz etməsi üçün ilk növbədə onlardan kütləvi halda ödəniş vasitəsi kimi istifadə olunması önəmli şərtdir. Kriptovalyutalar hazırda ilkin inkişaf mərhələsindədir və yaxın gələcəkdə kağız pulları əvəz etməyi barədə danışmaq hələ ki, çox tezdir. Bunun üçün müvafiq qanunvericilik aktlarının qəbul edilməlidir. Dövlətlər isə bu baxımdan hələ ki, tələsmirlər və yeni maliyyə texnologiyanın imkanları araşdırırlar. Hazırda yalnız Yaponiya bitkoin-i rəsmən ödəniş vasitəsi kimi qəbul edib. Bəzi ölklər isə özlərinin milli kriptovalyutalarının yaradılmasının daha effektli olacağını düşünür. Bir faktı qeyd edim ki, Almaniyanın məşhur banklarından biri olan “Deutsche Bank” dekabr ayında dərc etdiyi hesabtda ödəniş vasitəsi kimi alternativ valyutalara tələbin artdığı qeyd edilib. Bankın analitikləri hesab edirlər ki, rəqəmsal ödəniş formalaraına və anonimliyə artan tələbat bir çox insanı yeni ödəniş metodlarından istifadə etməyə məcbur edəcəkdir və nəticədə 2030-cu ilə qədər kriptovalyutalar kağız pulları əvəz edəcəkdir.
— Kriptovalyutaların məzənnələri niyə tez-tez dəyişir? Buna təsir edən faktorlar hansılardır?
— Kriptovalyutanın qiymətinə təsir edən əsas göstərici bazarda olan tələb və təklif amilidi. Bazarda tələb varsa qiymət də yüksək olacaq və ya əksinə. Tələb isə o zaman yaranır ki, investorlar arasında kriptovalyutaya maraq və inam artır. Məlumdur ki, kriptovalyuta bazarında qiymətlər hər hansı mərkəzi orqan tərəfindən tənzimlənmir. İctimai mətbuatda kriptovalyutalar barədə dərc edilən istənilən müsbət və ya neqativ xəbərlər birbaşa olaraq kriptovalyuta bazarındakı qiymətlərə təsir edir. İstənilən xüsusi və ya fundamental faktor bazar iştirakçılarının əhval-ruhiyyəsindən aslı olaraq birbaşa investorların qərarlarına təsir edir. Əsas fundamental faktorlar bunlardır: kripto sənayədə baş verən yeniliklər, dövlətlərin kriptovalyutalarla bağlı siyasəti, beynəlxalq tənzimləyici orqanların açıqlamaları, kripto-birjalara tətbiq olunan tənzimləmə metodları, rəqəmsal valyutaların tətbiqi ilə bağlı anonslar, ictimai şəxslər və ya məşhur maliyyə qurumlarının rəhbərlərinin açıqlamaları. Bəzən sektorla bağlı kütləvi informasiya vasitələrində verilən xəbərlər spekulyativ xarakter daşıyır və müəyyən qruplar da var ki, bundan məharətlə isitifadə edib kriptovalyutaların məzənnəsinin dəyişməsində qazanırlar.
Məlumat üçün qeyd edim ki, rəqəmsal aktivlərin irihəcmli alqı-satqı əməliyyatları adətən birjadankənar (OTC) platformalarda aparılır. İnvestisiya fondları, korporativ müştərilər və kripto-hedj fondlar irihəcmli kriptovalyuta əməliyyatlarını birjdan kənar brokerlər vasitəsi ilə həyata keçirirlər. Bu, kriptovalyuta birjalarında ticarət əməliyyatlarına birbaşa təsir edən əsas faktorlardan biridir.
— Kriptovaltyutanı hardan və necə almaq olar? Kriptovalyutanı aldıqdan sonra onu nağd pula çevirməyin hansı üsulları var?
— Kriptovalyutanın ən rahat almaq üsulu 24xbtc.com, xchange.cash, 24paybank.org ychanger.net, prostocash.com, bestchange.ru, 365cash.co, bankcomat.com, kurs.expert və s. kimi beynəlxalq onlayn-mübadilə saytlarında ADVCash, Perfect Money, Payeer, WebMoney, ePayments, Яндекс.Деньги, Capitalist, OKPay, Qiwi kimi məşhur beynəlxalq elektron cüzdanlarda qabaqcdan qeydiyyatdan keçməklə mübadilə əməliyyatlarını apara bilərsiz. Beynəlxalq elektron cüzdanlara valyuta mədaxil etmək üçün iki üsul var: bank köçürməsi və MasterCard/Visa kartları ilə. Azərbaycanda mövcud qanunvericiliyə əsasən fiziki şəxslər hüquqi şəxslərə (birja və elektron cüzdanlar) birbaşa bank köçürməsi edə bilmir. Odur ki, balans artırılması yalnız beynəlxalq kartlar vasitəsilə mümkündür. Lakin bu zaman nəzərə almalısınız ki, elektron cüzdanlardakı balansı artırmaq üçün sizin əlavə komissiya xərcləriniz çıxacaq. Nəzərə alın ki, 01.01.2017 tarixdən etibarən beynəlxalq elektron cüzdanlar və kripto-birja hesablarına yerli bankların verdiyi Master/Visa kartları ilə valyuta mədaxil etdikdə sizdən 18% vergi tutulacaq. Üstəgəl mübadilə saytlarının öz komissya xərcləri.
İkinci ən populyar alış üsulu isə kriptovalyutanı birjadan almaqdır. Sadəcə bunun üçün müyyən bilikləriniz olmalıdır. Birjaların mədaxil-məxaric şərtləri, komissiyalar və qeydiyyat zamanı verifikasiya tələbləri barədə qabaqcadan məlumatınız olmalıdır. Çünki birjada əməliyyat zamanı istənilən ehtiyyatsız əməliyyat rəqəmsal aktivlərinizin birdəfəlik itirilməsinə səbəb ola bilər.
Kriptovalyatının nağd pula çevirməyin 4 əsas üsulu var: birjalar, mübadilə servisləri, bitcoin ATM-lər və fiziki şəxlərin (əldən almaq) köməyi ilə. Birja və ya mübadilə servislərində rəqəmsal aktivlərinizi fiat pullara çevirdikdən sonra onları nağdlaşdırmaq üçün şəxsi Visa/Master kartlarına göndərə bilərsiniz.
— 2019-cu ildə bitcoin-in qiyməti 13.000 dolları keçməyi bacardı. Bu artma təsir edən əsas səbəblər nə idi?
— 2019-cu ilin aprel ayından başlayaraq kriptovalyuta sektorunda bir canlanma müşhaidə olundu və heçdə səbəbsiz deyil. Nəticə etibarı ilə kriptovalyuta bazarındakı qiymtlərin artmasına da təsir edən əsas fundamental faktorlar aşağıdakılardır:
- ABŞ-Çin ticarət müharibələri;
- Facebook-un Libra proyektinin təqdim etməsi. Bu əsasən psixoloji faktordu lakin kriptovalyuta bazarına öz müsbət təsirini göstərdi;
- Bankların və iri korporativ şirkətlərin kriptovalyuta sektoruna investisiya maraqlarının artması;
- Google, facebook və digər sosial şəbəkələrdə kriptovalyuta reklamlarına qoyulmuş məhdudiyyətlərin getdikcə aradan qaldırılması və yaxın gələcəkdə yeni kripto layihələrin buraxılacağı barədə elanlar.
— ABŞ-Çin ticarət müharibəsi kriptovalyutaların, əsasən də bitcoin-in qiymətinə necə təsir edir?
— Məlumdur ki, Çin höküməti 2018-ci ildə kriptovalyuta sənayesinə ciddi ziyan vuran qərarlar verdi: kripto-birjalar və İCO-lar üçün qadağa qoyuldu, kriptovalyuta mayninqi və mübadilə servislərinin fəaliyyəti məhdudlaşdırıldı. Çin hökuməti hesab edirdi ki, kriptovalyuta sənayesini məhdudlaşdırmaq və ciddi nəzarətdə saxlamaqla milli valyutanı daha stabil saxlamaq olar. Lakin Çin D.Trampın sanksiyalarına qarşı əks tədbirləri açıqladıqdan sonra yuan son altı ayda ən aşağı səviyyəyə endi. ABŞ-Çin arasında ticarət dövriyyəsinə nəzər saldıqda məlum olur ki, Çin ABŞ-a 539 milyard dollarlıq, ABŞ isə Çinə 120 milyard dollarlıq mal və xidmət ixrac edir. Nəticədə Çinin bu münaqişədən daha çox əziyyət çəkəcək. Hökumət dolların bahalaşmasının qarşısını almaq üçün hər bir çinlinin il ərzində 50.000 dollardan çox almaması üçün məhdudiyyət qoydu. Bununla paralel olaraq Çin kapitalinin kriptovalyuta bazarına girməsi də onu göstərdi ki, çinlilər dəyərdən düşməkdə olan milli valyutalarını bitcoin-ə dəyişməkdə davam edir. Aprel ayından başlayaraq kriptovalyuta birjalarda çinli istifadəçilərin ticarət dövriyyəsinin artması müşahidə olunmaqdadır. Fakt odur ki, yuan dəyər itirdikcə çinli investorlar milli valyutanı digər maliyyə aktivlərinə dəyişməkdə maraqlı olacaq. Hesab edirəm ki, ABŞ-Çin ticarət müharibəsi nə qədər çox şiddətlənərsə, bu faktor bitcoin-in qiymətinin artmasına öz təsirini göstərəcək.
— Bəs Facebook-un Libra proyektinin kriptovalyuta sektoruna təsirini necə dəyərləndirirsiz?
— İlk öncə onu qeyd edim ki, Libra kriptovalyuta deyil və əslində dövlətlərin pul buraxılışı monopoliyasına alternativ kimi Facebook tərəfindən yaradılması planlaşdırılan rəqəmsal valyutanın yeni bir növüdür. Facebook iyun ayında Libra proyektini təqdim etdikdən sonra maliyyə sektoru və xüsusilə kriptovalyuta cəmiyyətində yeni bir canlanma müşahidə olundu. Libranın kriptovalyuta sektoruna birbaşa olaraq heç bir təsiri olmasa da bu xəbər psixoloji faktor olaraq kriptovalyuta bazarında qiymətlərinin yüksəlməsinə müsbət təsirini göstərdi. Başda ABŞ olmaqla dünya dövlətlərinin maliyyə tənzimləyiciləri və beynəlxalq maliyyə təşkilatları Libra ilə bağlı öz narahatlıqlarını bildirdilər. Səbəb isə bəllidir: dünyanın maliyyə və pul-kredit siyasətini dəyişə biləcək yeni və fərqli maliyyə alətinin meydana gəlməsidir. Libranın əsas rəqib banklardır. Çünki bankların müştəriləri vəsaitlərinə qənaət etmək üçün Libra-dan istifadə edəcəkləri ehtimalı yüksəkdir və istisna deyil ki, layihəyə start verildikdən müəyyən müddət sonra Facebook hətta qısamüddətli kreditlər də verməyə başlasın. Nəzərə alsaq ki, hazırda dünya valyutası rolunu dollar oynayır, odur ki, Libra layihəsinin həyata keçməsi üçün əsas narahat olan – ABŞ Federal Ehtiyatlar Sistemidir. ABŞ-ın rəsmi şəxsləri Libradan o qədər narahat olublar ki, hətta bitcoin onlar üçün daha cazibədar olmağa başladı. Buna sübut kimi ABŞ senatorları Patrick McHenry, Ron Paul, Kevin McCarthy və digərlərinin bitcoin haqqında müsbət açıqlamlarını göstərmək olar.
— Necə düşünürsüz ABŞ bitcoi-ni öz ölkəsində qadağan edə bilərmi…
— ABŞ Prezidenti Donald Trump iyul ayında öz twitter hesabında ilk dəfə olaraq bitcoin haqqında post paylaşaraq qeyd edib ki, kriptovalyutaların əsası yoxdur və onları valyuta adlandırmaq olmaz. O, dünyanın yeganə etibarlı və güclü valyutasının ABŞ dolları olduğunu deyib. Bu açıqlamanın bitkoinin qiymətinə gözə çarpan təsiri olmadı lakin sonradan Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Jerome Powell və ABŞ-ın maliyyə naziri Steven Mnuchin bəyanatları kriptovalyuta bazarında qiymətlərin enməsinə səbəb oldu. FED rəhbəri Jerome Powell bitkoini qızılın alternativi olaraq spekulyativ yığım vasitəsi olduğunu deyib. Steven Mnuchin isə kriptovalyutaların qanundan kənar istifadəsini milli təhlükəsizlik məsələsi adlandırıb və qeyd edib ki, hökumət heç bir qüvvəyə qlobal rezerv valyutası kimi ABŞ dollarını təhdid etməyə icazə verməyəcək. Əslində bu bəyanatlar son dövrlərdə kriptovalyutalar barədə ən yüksək səviyyədə verilən reaksiya idi. ABŞ-ın yüksək rütbəli vəzifəli şəxslərinin açıqlamaları heç də təsadüfi deyil və onu deməyə əsas verir ki, onlar rəqəmsal aktivlərin ABŞ dollarına rəqib olma potensialını artıq indidən anlayırlar. ABŞ höküməti öz vətəndaşlarına bitkoindən istifadəyə qadağa qoya bilər, necə ki, Venesuela kriptovalyutası olan “El Petro” ilə bağlı etmişdi. Lakin nəzərə almaq lazımdır ki, “El Petro” qadağası ABŞ-ın sırf xarici siyasət məsələsi idi. Bitkoinlə bağlı məsələ isə fərqlidir. Əgər ABŞ Prezidenti banklara kriptovalyuta birjaları və kripto xidmətlər göstərən operatorlarla işləməyi qadağa qoyarsa, bu kriptovalyuta bazarına ciddi təsir edəcək, bitcoin isə ABŞ-da izolyasiya edilmiş qeyri-likvid aktivə çevrilə bilər. Lakin bunu etmək üçün ABŞ hökuməti Konqresi bitkoni qadağan etmək üçün inandırmalıdır. Nəzəri olaraq bitcoin qadağası ABŞ-da tətbiq edilə bilər lakin bunun Konqres tərəfindən qəbul edilməsi ehtimalı çox kiçikdir. Həmçinin nəzərə almaq lazımdır ki, ABŞ-ın bir çox ştatında bitkoinə münasibət olduqca loyaldır və hətta bəzi ştatlarda (Oqayo, Wyoming) vergiləri bitkoinlə ödəmək mümkündür. Bununla belə, hazırda dünyada mövcud olan 6378 ədəd kripto- bankomatların 70%-i ABŞ-da yerləşir.
— Kriptovalyuta sektorunun tənzimləməsi ümumilkdə kriptovalyuta bazarına necə təsir edə bilər?
— Hazırda korporativ investorların kriptovalyuta bazarına girməsini gecikdirən əsas faktor beynəlxalaq və ya lokal səviyyədə tənzimləmə mexanizmlərinin olmamasıdır. Bəzi ekspertlər düşünür ki, hər hansı inzibati tənzimləmə mexanizmlərinin tətbiq edilməsi bazara neqativ təsir göstərəcək. Əksinə! Hesab edirəm ki, kriptovaltuya sektorunun tənzimlənməsi kriptovalyuta bazarında dövriyyənin azalmasına və qiymətlərin enməsinə səbəb olan faktor olsa da ümumilikdə sektora uzunmüddətli mövqedə effektiv təsirini göstərəcək və investorların güvənini təmin edəcək. Çünki tənzimləmələr ümumilikdə kriptovalyuta sektorundan spekulyativ kapitalın çıxmasına səbəb olacaq və bazarda real investisiyaların qalmasını təmin edəcəkdir.
Maliyyə cinayətləri və çirkli pulların yuyulması ilə mübarizə üzrə hökümətlərarası beynəlxalq qurum olan FATF (Financial Action Task Force) 2019-cu ilin iyun ayında kriptovalyuta xidmətləri göstərən şirkətlərin fəaliyyətlərini tənzimləyən tövsiyyələri dərc etdi. FATF-ın tövsiyyələrinin məqsədi çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində kriptovalyutalardan istifadənin qarşısını almaqdır. Əslində bu tövsiyələr məcburi deyil lakin faktiki olaraq çirkli pulların yuyulması ilə mübarizədə FATF standartlarını öz qanunvericiliyində tətbiq etməyən ölkələr beynəlxalq maliyyə bazarlarında “qara siyahı”-ya düşmüş hesab olunur. Bu isə öz növbəsində həmin ölklələrdə fəaliyyət göstərən şirkətlər üçün xaricdən investisya cəlb edilməsində ciddi çətinliklər yaradacaq.
— Kriptovalyuta almaq istəyənlərə nə məsləhət görürsunuz?
— Etiraf etmək lazımdır ki, hazırda kriptovalyutaların 95%-i likvid deyil və onların yaradılmasının yeganə məqsədi qısa müddətdə spekulyativ üsullarla gəlirli maliyyə aktivinə çevrilməkdir. Bu tip kriptovalyutaları fərqləndirməyin ən sadə usulu həmin aktivin bazar kapitalizasiyasına nəzər yetirməkdir. Bazar kapitalizasiyası 400 milyon dollardan aşağı olan rəqəmsal aktivlərlə əməliyyatlar aparmaq daha riskli hesab edilir. Hesab edirəm ki, kriptovalyutalar investisiya instrumenti kimi uzunmüddətli mövqedə yüksək marjalı investiyalardan biri olacaq. Necə ki, son 2-3 ilin təcrübəsində biz bunun şahidi olduq. Təbii ki, sektor üzrə risklər yüksəkdir və real proqnoz vermək çox çətindir. Bu səbəbdən investisiya etməzdən əvvəl bu sektoru öyrənin, müstəqil araşdırmalar aparın və ya risklərinizi minimallaşdırmaq üçün özünüzdən daha təcrübəli ekspertlərlə məsləhətləşin. Əgər sizin iqtisadi bilikləriniz, maliyyə bazarlarının iş prinsipi ilə bağlı məlumatlarınız kifayət qədər deyilsə və bu sektorda real təcrübəniz yoxdrsa o zaman çalışın kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin.
— Azərbaycanda kriptovalyutalar ödəniş vasitəsi kimi nə vaxt qəbul ediləcək?
— Azərbaycanda yegənə ödəniş vasitəsi manatdır və hesab edirəm ki, yaxın 5 il ərzində birbaşa kriptovalyutalarla hər hansı əməliyyat aparmaq mümkün olmayacaq. Kriptovalyutaların istifadəsi üçün ilk növbədə ölkədə sosial, iqtisadi və hüquqi şərait yaranmalıdır. Bunun üçün insanlar maarifləndirilməli və müvafiq qanunvericilik aktları qəbul olunmalıdır. Yalnız bundan sonra real sektorda kriptovalyutaların istifadəsi mümkündür. Ölkəmizdə insanlar daha çox nəğd pulun istifadəsini üstün tutduqları üçün hələ ki, rəqəmsal valyutalardan istifadəyə psixoloji hazır deyil. Buna baxmayaraq hazırda bitcoin və digər kriptovalyutalar barədə ciddi araşdırma apararaq real investisya qoymaq istəyənlərin sayı artmaqdadır. Lakin hələlik yalnız həvəskar investorlardan söhbət gedə bilər. Nə qədər ki, kriptovalyutalara rəsmən hüquqi qiymət verilməyib ümumilikdə kriptovalyuta bazarının inkişafı sual altında olacaq.