Virtual valyuta olan bitkoin 9,009.15 dollara qədər ucuzlaşdıqdan sonra 10,787.99 dollara qədər bahalaşıb. İlin əvvəlindən 11 dəfəyə yaxın dəyər qazanan bitkoinin bundan sonra bazardakı mövqeyinin necə olacağı maraq doğurur.
FED.az kriptovalyuta bazarının təhlili üzrə ixtisaslaşmış "ForkLog" (https://forklog.com/, http://forklog.consulting/) jurnalının yaradıcısı Anatoliy Kaplanun bu barədə müsahibəsini təqdim edir.
- Bitkoinin dəyərinin bundan sonra da bahalaşması gözlənilirmi?
- Bazarda iki istiqamətdə rəy var. Ekspertlərin bir qismi hesab edir ki, bitkoinin qiymətində artım davam edəcək. Ciddi koreeksiyaya gətirib çıxarmayacaq. Çünki kriptovalyuta bazarı genişlənir. Digər qisim isə düşünür ki, bazar isinəcək, 2014-2015-ci ildəki kimi, kriptovalyutanın durğunluq dövrü təkrarlanacaq. Lakin həmin dövrdə bazarın həcmi çox kiçik idi. 500, hətta 200 dollara olan bitkoin heç kimə lazım deyildi. Bitkoin istifadəçilərə o zaman maraqlı oldu ki, dəyəri 1000 dollara yüksəldi. Kriptovalyutanın dəyəri nə qədər sürətlə bahalaşır, o qədər də alıcıların sayı artır. Bu da bazarın qanunauyğunluğudur.
- Bəzi ekspertlər hesab edir ki, bitkoinin ilin əvvəlindən 10 min dollara qədər bahalaşması onun çöküş ehtimalını 80 faizə yüksəldib. Bu proqnoz nə dərəcədə realdır?
- Ekspertlərin fikrincə, bitkoinin dəyərinin 10 min dollara yüksəlməsi onun 50 min dollar və daha yüksək olma şansını artırır. Kriptovalyuta bazarı kimi tənzimlənməyən bazarlarda bir çox ssenarilər realistdir, çünki heç kim qiyməti sabitləşdirməyəcək. Digər tərəfdən, bitkoin 80 faiz ucuzlaşarsa, alıcıların sayı artacaq. Bir sözlə, hər hansı düşüş qarşılanacaq.
- Bitkoin dollar, avro kimi valyutaları bazardan sıxışdırıb çıxaracaqmı?
- Hazırkı şəraitdə bitkoin daha çox qızıla bənzəyir, nəinki valyutaya. Yəni dəyərin qorunması üçün bir vasitədir. Avro və dollara hesablaşma aləti kimi yox, pul vəsaitlərinin qorunması aləti kimi yanaşsaq, bitkoin bu istiqamətdə daha cəlbedicidir. Ona görə ki, hesabınızdakı avro və dollardan fərqli olaraq, bitkoini dondurmaq, həbs qoymaq mümkün deyil. Yatırımları qızılda saxlamaq belə bitkoin qədər rahat olmaya bilər. Ancaq bitkoinə ödəniş vasitəsi kimi yanaşsaq, bu gün o, geniş bazarda dollar və avro ilə rəqabətə girə bilməz.
Oxu.az