Dünyanın kriptovalyuta bazarı son aylar görünməmiş artım nümayiş etdirir.
FED.az xəbər verir ki, əsas kriptovalyuvta sayılan bitkoinin qiyməti bu gün növbəti rekord vurub.
İri şirkətlər də Bitkoin almağa başladı – 30 MİN DOLLARA QALXACAQ
Bitkoin gün ərzində 12%-ə yaxın bahalaşaraq növbəti psixoloji həddi – 27 min dolları keçib. Amma bu da son hədd deyil, hazırda bitkoinin qiyməti 27 min 640 dollardan yuxarıdır və başqa sözlə, ciddi yenilik baş verməsə, qiymətlər tezliklə 28 min dollara yüksələ bilər.
Bu il ərzində bitkoin indiyədək görünməyən yüksəliş göstərib. İlin əvvəlində bitkoinin qiyməti cəmi 7330 dollar idi. Mart ayında isə bitkoin daha da ucuzlaşaraq 5,2 min dollara enmişdi. Nəticədə ilin əvvəlindən indiyədək bitkoin 3,8 dəfə, mart ayından isə 5,3 dəfə bahalaşıb.
Təqcə son bir ay ərzində bitkoinin qiymətində 11 min dollar və ya 70% bahalaşma olub.
Son bir həftədə isə qiymətlər 5 min dollar artıb. Qiymət artımı o qədər sürətli olub ki, analitiklər bitkoinin sonrakı qiyməti ilə bağlı proqnoz verməyə çətinlik çəkirlər.