Dünyanın kriptovalyuta birjalarında bitkoinin qiyməti kəskin enib. FED.az xəbər verir ki, noyabrın 14-də axşam bitkoinin qiyməti 9,3% azalaraq 5780 dollara düşüb. Bu son bir ildə bitkoinin ən aşağı qiymətidir.
Ucuzlaşma təkcə bitkoində baş verməyib. Belə ki, Etherium 12% ucuzlaşaraq 184 dollara, XRP kriptovalyutası 13,6% ucuzlaşaraq 44 sentə, Bitcoin Cash isə 18,5% ucuzlaşaraq 431,4 dollara enib.
Bütün bunların nəticəsində kriptovalyuta bazarının ümumi kapitalizasiyası bir neçə saat ərzində 20 milyard dollar azalaraq 188 milyard dollara düşüb.
Belə kəskin ucuzlaşmanın səbəbi dəqiq məlum olmayıb, bazar iştirakçıları hesab edir ki, başqa valyutaların ucuzlaşması bitkoinin dəyərdən düşməsi ilə bağlı olub.
Qeyd edək ki, bir qədər əvvəl BitMEX kriptovalyuta birjasının rəhbəri Artur Heyes bildirmişdi ki, qarşıdakı il yarım ərzində rəqəmsal pullara tələbatın azalması və ticarətin həcminin aşağı düşməsi gözlənilir.