Dünyanın kriptovalyuta bazarında kəskin ucuzlaşma baş verib. FED.az xəbər verir ki, demək olar ki bütün əsas kriptovalyutalar 10-15% həcmində dəyər itirib.
Bitkoinin qiyməti gün ərzində 11%-ə yaxın ucuzlaşaraq 7600 dollardan 6777 dollara enib.
Nəticədə bitkoin bazarının ümumi qiyməti 129,9 milyard dollardan 115,8 milyard dollara düşüb. Başqa sözlə gün ərzində bitkoin sahibləri 14 milyard dollar pul itiribər.
«Ethereum»un qiyməti bir gün ərzində 11,5% ucuzlaşaraq 601 dollardan 534 dollara düşüb. Bu kriptovalytanın ümumi bazar dəyəri 60,2 milyard dollardan 53,4 milyard dollara düşüb. Başqa sözlə, «Ethereum» sahibləri gün ərzində 7 milyard dollar itirib.
«Ripple»nin qiyməti də 10,7% ucuzlaşaraq 66,6 sentdən 59,5 sentə enib. «Ripple» bazarı 26,1 milyard dollardan 23,3 milyard dollara enərək təqribən 3 milyard dollar itirib.
«Bitcoin Cash»ın qiyməti isə 13% ucuzlaşıb və gün ərzində 1110 dollardan 971 dollara düşüb.
Bitkoinin və digər kriptovalyutaların ucuzlaşmasının səbəbi ABŞ-ın tənzimləyici qurumlarının bitkoinlə bağlı bəyanatlarıdır.
Bu həftə The Wall Street Journal xəbər verib ki, ABŞ-ın sürətli birja ticarəti komissiyası olan CFTC, kriptovalyuta birjaları olan Coinbase, Kraken, Bitstamp və itBit-dən tələb edib ki, bitkoinlərlə fyuçers əməliyyatlarına icazə veriləndən sonra aparılan əməliyyatlar haqqında hesabat versinlər.
Ekspertlər hesab edir ki, bu tələb bazara mənfi təsir edib. Bundan başqa, mütəxəssislərin fikrincə, kəskin ucuzlaşmaya Cənubi Koreyanın CoinRail birjasına hücum da təsir edib.
Ümumilikdə, kriptovalyuta bazarı ağır günlərini yaşayır. Təkcə may ayında bu bazarın ümumi həcmi 84 milyard dollar azalaraq 342,9 milyard dollara düşüb. Bitkoin isə may ayında 17% ucuzlaşıb.