Bu gün səhər bitkoinin dəyəri əsas iri oyunçuların bazara geri qayıtması səbəbindən 15%-dən çox artıb.
FED.az xəbər verir ki, bunu sövdələşmələrin detalları və ekspertlərin şərhləri də sübut edir.
İyirmidən çox birja üzrə orta qiyməti hesablayan "CoinMarketCap" portalının məlumatına əsasən, Bakı vaxtı ilə saat 09:27-yə olan vəziyyətə görə, bitkoin 16,68% bahalaşaraq 4,817 min dollara çatıb. Kriptovalyuta torqlarının həcminə görə ən böyük birja olan "Binance" birjasında bitkoinin dəyəri 15,94% artaraq 4,793 min dollara çatıb.
Eləcə də bax: Bu günə olan valyuta məzənnələri - SİYAHI
Digər məşhur kriptovalyutaların qiyməti də artmaqdadır: "Ethereum" 7,11% artaraq 152,46 dollara çatıb, "Ripple" 8,24% artaraq 0,3636 dollara çatıb, "Bitcoin Cash" 9,75% artaraq 185,17 dollara çatıb.
"CoinMarketCap"ın məlumatına görə, kriptovalyuta bazarının kapitallaşması hazırda 163,242 milyard dollar təşkil edir. Ümumi bazarın təxminən 52%-i bitkoinin payına düşür.
"Cryptolife.World" beynəlxalq şəbəkənin investisiya üzrə direktoru Mansur Hüseynov bu dinamikanı iri oyunçuların bazara qayıdışı ilə izah edir.
"Hesab edirəm ki, "ayı bazarı" bitdi. İndi bitkoin ya 3,2-5,6 min dollar aralığında torq olunacaq, ya da yalnız dəyər qazanacaq. Bazarda böyük xəbər yoxdur. Artım əhval-ruhiyyənin dəyişməsi və iri oyunçuların bazara qayıtması ilə əlaqələndirilə bilər", - o deyib.