“Bitcoin”in qiyməti son geosiyasi gərginliklər fonunda 95 min ABŞ dolları səviyyəsini keçib.
FED.az xəbər verir ki, son sutkada “Bitcoin”in qiyməti təxminən 4,5% artaraq 95 452 dollara çatıb. Aparıcı kriptovalyutanın bazar kapitallaşması 1,9 trilyon dollara yaxınlaşıb, sutkalıq ticarət həcmi isə 60 mlrd. dolları ötüb.
Bazarda yüksəliş digər əsas kriptovalyutalarda da müşahidə olunur. Ethereum son sutkada 7,4% artaraq bazar dəyərini 403 mlrd. dollardan yuxarı qaldırıb. BNB (+4,2%), Solana (+5,0%), XRP (+5,9%) və TRON (+1,8%) üzrə də müsbət dinamika qeydə alınıb. Sutkalıq artım baxımından Dogecoin (+8,5%) və Cardano (+9,8%) xüsusilə fərqlənib.
Analitiklərin fikrincə, kriptovalyuta bazarındakı bu yüksəliş Bitcoin ETF-lərinə institusional vəsait axınının davam etməsi, ABŞ-da pul siyasətinin yumşaldılacağına dair gözləntilər, eləcə də İran ətrafında artan geosiyasi gərginlik fonunda investorların alternativ və mərkəzsiz aktivlərə marağının güclənməsi ilə izah olunur.










