Bitcoin qiymətində son aylarda müşahidə olunan dalğalanmalar kriptovalyuta bazarındakı qeyri-sabitliyi bir daha nümayiş etdirir. Yanvar ayının sonlarında 105 min dolları keçən Bitcoin, fevral ayının sonunda 80 min dolların altına düşdü. Martın əvvəllərində isə bazarda nisbi bir artım müşahidə olunsa da, bu sabit qalmadı.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
FED.az xəbər verir ki, dünən 92 min dolları keçmiş Bitcoin bu gün yenidən enişə keçdi və hazırda 83,582.54 dollar səviyyəsindədir.
Bu dəyişikliklər təkcə qısamüddətli dalğalanmalarla məhdudlaşmır. Son 24 saat ərzində Bitcoin-in dəyəri 9.96% azalıb, yeddi günlük göstəricilər də 9.18%-lik bir enişi əks etdirir. İlin əvvəlindən bəri isə kriptovalyuta 10.51% dəyər itirib.
Hazırda Bitcoin-in bazar dəyəri 1.65 trilyon dollar təşkil edir, 24 saat ərzində isə 70 milyard dollarlıq ticarət həcmi qeydə alınıb. Dövriyyədə olan Bitcoin sayı isə 19.83 milyon BTC-dir.
Qiymət dəyişikliklərinin səbəbləri arasında qlobal iqtisadi qeyri-müəyyənlik, investorların ehtiyatlı davranışı və tənzimləyici orqanların mümkün müdaxilələri göstərilir. Kriptovalyuta bazarındakı volatillik bir daha təsdiqləyir ki, Bitcoin həm böyük qazanc, həm də ciddi risklər vəd edən bir aktiv olaraq qalır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.