2023-cü ilin üçüncü rübünün nəticələrinə görə, Əfqanıstanın milli valyutası olan - əfqani dünyanın ən gəlirli valyutası olub.
FED.az biznes və maliyyə xəbərləri portalını «Bloomberg»ə istinadən xəbər verir ki, bu dövrdə Əfqanıstan valyutası dollar qarşısında 9% bahalaşıb, buna ölkəyə milyardlarla dollarlıq humanitar yardım axını və Asiya ölkələri ilə artan ticarət dövriyyəsi kömək edib.
Qeyd edək ki, hazırda 1 Əfqani – 0,013 ABŞ dollarına bərabərdir, yəni 1 ABŞ dolları 78,4 əfqanidir.
İlin əvvəlində isə 1 Əfqani 0,011 ABŞ doları idi, yəni 1 ABŞ dolları 91 əfqani idi.
Əfqanıstan milli valyutasının bu performansı – maliyyə ekspertləri üçün əsl sürpriz olub.
İki il əvvəl radikal Taliban hərəkatının nümayəndələrinin hakimiyyəti ələ keçirdiyi Əfqanıstan – bütün dünyada, xüsusilə də Qərbdə diktatura dövləti kimi təsnif edilir.
Ölkə sanksiyalar altındadır, qlobal maliyyə sistemindən kəsilib, yoxsulluq və işsizliyin hədsiz yüksək səviyyəsi, aclıq təhlükəsi var və bir sıra məhdudiyyətlər tətbiq olunur. Xüsusilə onlayn ticarət, yerli əməliyyatlarda ABŞ dolları və Pakistan rupisindən istifadə qadağan edilib, valyutanın ixracı məhdudlaşdırılıb.
Belə bir şəraitdə ölkənin əsas maliyyə mənbəyi BMT-nin humanitar yardımı olub. Təkcə 2022-ci ildə Əfqanıstana təxminən 4 milyard dollar, 2023-cü ildə isə daha 1,1 milyard dollar köçürülüb. Bu, 2023-cü ilin əvvəlindən 14%, üçüncü rübdə isə 9% möhkəmlənən Əfqanıstan valyutasına təsir edib.
Lakin ekspertlər bunun müvəqqəti bir hadisə olduğunu deyirlər. Vaşinqtondakı New Lines Strategiya və Siyasət İnstitutunun Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya məsələləri üzrə eksperti Kamran Boxari bildirib ki, "Ölkədə sərt valyuta nəzarəti işləyir (yəni nəticəsini verir), lakin iqtisadi, sosial və siyasi qeyri-sabitlik bu valyutanın yüksəlişini qısamüddətli fenomenə çevirəcək".
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.