ABŞ prezidenti Co Bayden yaxın gələcəkdə tənəzzülün olacağına inanmadığını və əgər varsa, bunun "cüzi" iqtisadi tənəzzül olacağını gözlədiyini söyləyib.
"Hər altı aydan bir bunu deyirlər və hər altı aydan bir növbəti altı aya baxırlar və nə baş verəcəyini deyirlər"-deyə Bayden CNN-ə bildirib. "Hələ baş verməyib. Mən tənəzzülün olacağını düşünmürəm. Əgər belə olarsa, çox cüzi bir tənəzzül olacaq. Ona görə də biz bir qədər aşağı enəcəyik".
Xatırladaq ki, JPMorgan Chase-in baş direktoru Jamie Dimon bazar ertəsi günü altı ilə doqquz ay ərzində tənəzzül ehtimalı barədə xəbərdarlıq etmişdi.
“İstehsalın azaldılmasının nəticələri olacaq”
ABŞ prezidenti Co Bayden ABŞ üçün vacib olan neft qiymətləri məsələsinə də toxunubç deyib ki, OPEC+-ın ABŞ-ın etirazına baxmayaraq hasilatı azaltmaq qərarı ABŞ və Səudiyyə Ərəbistanı arasında münasibətlərə təsir edəcək.
Amma Bayden Səudiyyə Ərəbistanı ilə münasibətlərlə bağlı hansı variantları nəzərdən keçirdiyini açıqlamayıb.
Baydenin bəyanatı Senatın Xarici Əlaqələr Komitəsinin sədri, senator Bob Menendezin ABŞ-ı Səudiyyə Ərəbistanı ilə bütün əlaqələri, o cümlədən silah satışını dərhal dondurmağa çağırmasından bir gün sonraya təsadüf edir.
Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi bildirib ki, prezident Co Bayden ABŞ və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərə yenidən baxılmalıdır.