Azərbaycanda qiymətli kağızlar haqqında qanunvericiliyin beynəlxalq standartlara və daxili bazar tələblərinə uyğunlaşdırılması üzrə irimiqyaslı layihənin həyata keçirilməsinə başlanılıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Tərlan Rəsulov Bakıda keçirilən Maliyyə-İnvestisiya Forumunda bildirib.
O vurğulayıb ki, son 2-3 ildə kapital bazarında aparılan işlər nəticəsində əhəmiyyətli irəliləyiş əldə olunub. Azərbaycanda səhmlərin ilk kütləvi abunə yazılışı həyata keçirilib və bu proses mobil tətbiq vasitəsilə baş tutub. Xüsusi kapital bazarının ümumi ticarət həcmi 72,5 milyard manat təşkil edib. Qiymətli kağızlar bazarında 62% artım qeydə alınıb. Qiymətli kağızlar qanunvericiliyinin beynəlxalq bazarın tələblərinə cavab verməsi üçün tədbirlərə start verilib.
"Mərkəzi Bank maliyyə bazarının inkişafı üzrə cari strategiyanı fəal şəkildə həyata keçirir. Prioritetlər arasında bir sıra alətlər (sukuk, sekyuritizasiya və törəmə maliyyə alətləri) üçün yeni hüquqi bazanın yaradılması yer alır. Bu, həm potensial emitentlər, həm də investorlar üçün vacibdir. Bununla yanaşı, biz artıq qiymətli kağızlar haqqında qanunvericiliyin beynəlxalq təcrübə və daxili bazar tələblərinə uyğunlaşdırılması istiqamətində genişmiqyaslı işlərə başlamışıq", - T. Rəsulov qeyd edib.