Aprelin 14-də Azərbaycan Mərkəzi Bankı (AMB), Bakı Fond Birjası (BFB), “ABB İnvest” investisiya şirkəti tərəfindən Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMFA-ya) üzv olan Bank Olmayan Kredit Təşkilatları (BOKT-lar) üçün onlayn təlim keçiriləcək.
BFB-dən FED.az-a bildirilib ki, təlimdə AMB, Bakı Fond Birjası və “Unicapital” İnvestisiya şirkətinin əməkdaşları tərəfindən AMFA-ya üzv olan Bank Olmayan Kredit Təşkilatları üçün kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat veriləcək. Tədbirin əsas məqsədi mikormaliyyə sahəsində yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək, Bakı Fond Birjasında qiymətli kağızların listinqdə saxlanılması üstünlüklərini çatdırmaqdır.
Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və Bakı Fond Birjasında listinqə təşviq edilməsi məqsədilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.
Qeyd edək ki, AMFA ötən il Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına tərəfdaş qismində qoşulub.