"Rabitabank" ASC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olmuşdur
18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Rabitabank" ASC-nin ümumi dəyəri 10 milyon manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
Birjadan FED.az-a daxil olmuş məlumata görə, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 100 000 ədəd, hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 9.5%, tədavül müddəti 2 il, faiz ödənişi periodu hər 3 aydan birdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.