Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə vətəndaşları təkcə xaricə getmək, ordan nə isə alıb gətirmək imkanı əldə etmədilər, həm də müxtəlif ölkələrin qiymətli kağızlar bazarına investisiya qoymaq, belə demək mümkünsə, Bakıda oturub okeanın o biri tayından səhm və s. almaq şansı qazandılar. Azərbaycanda kütləvi hal almasa da, ABŞ və Avropa ölkələrinin aparıcı şirkətlərinin səhmlərinə pul qoyan, onların qiymətlərindəki dəyişikliklərdən, dividend ödənişlərindən gəlir əldə edənlər az deyil.
Eləcə də bax: Azərbaycanda kriptovalyuta - Qadağan Oluna Bilər?
Məlumat üçün bildirək ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-ci ildə dünyada səhmlərə görə dividend ödənişləri 8% azalaraq 1,64 trilyon ABŞ dollarına düşsə də, 2021-ci ildə bu rəqəm iqtisadiyyatın bərpa olunması hesabına 21% artaraq 1,97 trilyon dollara çatıb. 2022-ci ildə isə bu rəqəm daha 6% artaraq 2,09 trilyon dollar olacağı gözlənilir. Göründüyü kimi, məbləğ az deyil və bundan azərbaycanlı investorlar da payını götürə bilər. Bəs bu yolla pulu necə qazanırlar?
"Xaricdən səhm almağa maraq artıb"
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, ölkənin investisiya şirkətlərindən birinin direktor müavini Cəfər İbrahimli deyir ki, son illər Azərbaycan vətəndaşlarının xaricdən səhm almağa marağı artıb, bu da səbəbsiz deyil: "10-15 il əvvəl Azərbaycan banklarında xarici valyuta ilə yerləşdirilən depozitlərin gəlirliliyi kifayət qədər yüksək idi, odur ki, kimsə xaricə investisiya qoyuluşu barədə düşünmürdü. Yəni, vətəndaşlar üçün ölkə daxilində qısa müddətli investisiyalarla daha rahat gəlir əldə etmək imkanları var idi. İqtisadiyyat inkişaf etdikcə, rəqabət artdıqca gəlir azalır və xarici şirkətlərin səhmlərinə maraq artır".
"İnvestisiya xidmətləri inhisarda deyil"
C.İbrahimlinin sözlərinə görə, xaricdə investisiya qoyuluşu üçün investisiya xidmətləri inhisarda deyil: "Vətəndaşlar həm yerli, həm də xarici investisiya şirkətləri ilə müqavilə bağlayaraq səhm ala bilər. Yerli şirkətlərin çoxunun xarici birjalara çıxışı var. Azərbaycan vətəndaşı Türkiyə, Avropa, ABŞ birjalarında hansı qiymətli kağızı almaq istəyirsə, bizə sifariş verir, onun vəsaiti nəzarətimizdə olur, biz həmin əməliyyatı aparır və bununla bağlı mütəmadi olaraq tənzimləyici quruma hesabat veririk. Həmin hesabat təkcə müştəri barədə fərdi məlumatlardan deyil, xaricdən nə qədər qiymətli kağız alınması və digər ümumi əməliyyatlar barədə olur. Alınan qiymətli kağızlar fiziki şəxslərin adında deyil, investisiya şirkətinin hesabında saxlanılır.
Bundan başqa, fiziki şəxslər yerli investisiya şirkətlərinin vasitəçiliyi olmadan elektron şəkildə xarici investisiya şirkətləri ilə müqavilə bağlaya, onlarda hesab açıb, pulunu köçürə, almaq istədiyini qiymətli kağızı xarici investisiya şirkətinə sifariş verə və yaxud özü onlayn platforma üzərindən onun alqı-satqısını həyata keçirə bilər. Ümumiyyətlə bu proses vasitəçilik olmadan mümkün deyil".
"Dividendi də xaricdən ödəyirlər"
C.İbrahimli xarici səhmlər üzrə dividendlərin də necə ödənildiyini də izah edir: "Tutaq ki, hansısa şəxs investisiya şirkəti vasitəsilə “Apple”ın səhmlərini alıb. Belə olanda “Apple”ın divident ödənişləri tarixi elan olunur. İnvestisiya şirkəti olaraq həmin tarixdə vətəndaşın investisiya hesabına müəyyən vəsaitin daxil olduğunu görürük. Dividendlər birbaşa hansısa bank hesabına deyil, investisiya şirkətinin xarici şirkətdəki hesabına köçürürlür və bundan sonra vətəndaş Azərbaycandakı banka sifariş verib o vəsaiti götürə bilir. Vasitəçiliyi xarici broker şirkəti edəndə isə həmin vəsait vətəndaşın burdakı yerli bank hesabına köçürülür".
"Qiymətlərin necə dəyişdiyini onlayn izləmək olur"
Ekspertin sözlərinə görə, investorlar xarici səhmlərin qiymətlərin necə dəyişdiyini investisiya şirkətlərinin təqdim etdiyi platformalardan onlayn izləyə bilərlər: “İnvestisiya şirkətlərinin platformalarından başqa, açıq beynəlxalq saytlar var. O saytlarda qiymətlər onlayn görünür. Vətəndaş bazar qiymətlərini izləyə, istədiyi vaxt nəyisə alıb-sata bilər. Tutaq ki, siz xarici səhmin alınması üçün xarici broker şirkəti ilə birbaşa müqavilə bağlamısınız. Həmin broker şirkətinin interaktiv əməliyyat aparmaq üçün sistemi olur. Hesab açıldığı və vəsait göndərildiyi andan sizə həmin sistemdə şifrə verilir. Siz onunla sistemə girə, qiymətləri izləyə və istədiyiniz qiymətli kağızı alıb-sata bilirsiniz.
Yerli şirkətlərlə də işləyəndə proses bu cür olur. Vətəndaş aldığı xarici səhmi satmaq istəyəndə də bu əməliyyatın aparılmasını investisiya şirkətinə sifariş verə bilir. Eyni zamanda onun müqavilə əsasında platformadan sərbəst istifadəsi təsdiq olunubsa, ona bu səlahiyyət üçün şifrə verilibsə, özü sistemə daxil olaraq birbaşa əməliyyatını edə bilir".
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.