1997-ci il 27 avqust – “Bakı Fond Birjası” Səhmdar Cəmiyyətinin yaradılması günüdür.
Eləcə də bax: Altı ayda 100 milyon manatlıq dövlət istiqrazları - Dövlət Qeydiyyatına Alınıb
FED.az xəbər verir ki, 1999-cu il oktyabrın 25-də birja “Bakı Fond Birjası” QSC (BFB) olaraq yenidən formalaşıb. Birjanın yaradılması anından etibarən BFB Azərbaycanın fond sahəsində təşkil olunmuş yeganə birjadır. Bakı Fond Birjası illik dövriyyəsi 14 milyard manatdan artıq olan, unikal tarixə, fond bazarının peşəkar iştirakçıları ilə möhkəm münasibətlərə və xarici ölkələrin bir çox fond birjaları ilə tərəfdaşlıq münasibətlərinə malik olan birjadır.
Sentyabrın 1-də qiymətli kağızlar üzrə BFB-də ticarətə başlanılıb. İyulun 21-də birja fəaliyyəti istiqamətində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən lisenziya alınıb. Bakı Fond Birjasının səhmdarlarının ilk yığıncağı fevralın 15-də keçirilib. 2013-cü ildə BFB-də ilk market meyker institutu yaradılıb.
Maliyyə vəsaitlərinin yerli emitentlər tərəfindən cəlb olunması üçün vasitələrin geniş spektrinin təmin olunması vasitəsilə Azərbaycan Respublikasının iqtisadi artımına yardım, maliyyə sistemində satış qabiliyyətinin təkrar paylanması üçün platformanın təmin olunması, yerli və əcnəbi investorlar üçün şəffaf investisiya mühitinin təqdim olunması Bakı Fond Birjasının missiyasıdır. Bakı Fond Birjasının strategiyası 2019–2021-ci illər ərzində BFB texnoloji infrastrukturunun modernizasiyasına, yeni birja məhsullarının tətbiqinə, birja bazarının dərinliyinin və satış qabiliyyətinin artırılmasına, eləcə də, stabil inkişaf prinsiplərinin tətbiqinə yönəlib.
Bakı Fond Birjasının 10 üzvü var. Birjanın üzvləri BFB-nin ticarət platformasından məsafədən qoşulma imkanı ilə ticarətdə olan qiymətli kağızlar üzrə sifarişlər təqdim etməklə investorlara xidmət göstərə və ya özləri investisiya fəaliyyətində iştirak edə bilərlər. Bakı Fond Birjasının üzvləri və ya üzvlük üçün müraciət etmiş şəxslər yalnız nəzarətedici orqan tərəfindən verilmiş və qüvvədə olan investisiya şirkəti lisenziyasına malik hüquqi şəxslər ola bilərlər. Üzvlük əldə etmək istəyən şəxslər müraciət tarixi üçün Birjanın daxili qaydaları ilə müəyyən edilmiş şərtlərə cavab verməlidirlər. Müraciətçinin şərtlərə uyğunluğu daxili Üzvlük Komitəsi tərəfindən qiymətləndirilir və üzvlük haqqında qərar verilir.
Bakı Fond Birjası qiymətli kağızların buraxılışı vasitəsilə maliyyələşmək istəyən və bu istiqamətdə dəstəyə ehtiyacı olan şirkətlərə Listinq Məsləhət Proqramı (LMP) çərçivəsində qiymətli kağızların buraxılışı müddətində tam dəstək verir. Proqramın əsas məqsədi ölkə iqtisadiyyatının müxtəlif sektorlarında qiymətli kağız buraxmaq istəyən şirkətlərin BFB-nin mövcud bazar seqmentlərinin tələblərinə cavab verəcək səviyyədə hazırlanmasına, maliyyə şəffaflığının təşviqi məqsədilə hesabatlılığın təmin edilməsinə, korporativ idarə etmənin təkmilləşdirilməsinə və eləcə də, kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitləri cəlb etməsinə dəstək olmaqdan ibarətdir.