Bakı Fond Birjası (BFB) bir qədər əvvəl Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı açıqlama yayıb.
FED.az xatırladır ki, Məcəlləyə dəyişiklik qiymətli kağızlardan – o cümlədən istiqraz və səhmlərdən əldə edilən mənfəətin vergiyə cəlb olunmasına aiddir. Sadə şəkildə desək, indiyədək bütün qiymətli kağızlardan əldə edilən gəlir vergidən azad olsa da, dəyişiklikdən sonra azad olma yalnız Fond Birjasında kütləvi təkliflə satılan kağızlara aid olacaq.
BFB-nin açıqlamasında bildirilir ki, dəyişikliklərə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilir. Bu dəyişiklik, qiymətli kağızların kütləvi təklifinin və fond birjasında listinqin stimullaşdırılmasına öz töhvəsini verəcədir.
Digər dəyişiklik istiqrazlar üzrə ödənilən diskont və faiz gəlirlərindən verginin hesablanması qaydasının qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması və əsas meyar kimi istiqraz mülkiyyətiçisinin həmin istiqraza malik olduğu günlərin sayının nəzərə alınmasıdır. Bu dəyişiklik istiqrazlar üzrə diskont və faiz gəlirlərindən formalaşan vergi yükünü optimallaşdırmaqla investorların kapital bazarında fəal iştirakını və investor bazasının genişləndirilməsini stimullaşdıracaqdır. Eyni zamanda hüquqi şəxslər tərəfindən istiqrazlar üzrə əldə edilən faiz gəlirlərinin ödəmə mənbəyində deyil, ümumi mənfəətdə bəyan edilməsi və ödənilməsi müəyyən edilmişdir.
«Qeyd edilən dəyişikliklər birjadankənar bazarın kiçilməsi və fond birjasında bağlanan əqdlərin sayının artması fonunda bazarın şəffaflığının yüksəlməsinə və investorların kapital bazarında iştirak imkanlarının genişləndirilməsinə əhəmiyyətli töhfə verəcəkdir»-deyə Birja bildirir.
Bakı Fond Birjası tərəfindən qiymətli kağızlar bazarının dayanıqlı inkişafının təmin edilməsi, korporativ qiymətli kağızlar seqmentinin canlandırılması, bazar iştirakçılarının və fond birjasında listinqin stimullaşdırılması, eyni zamanda kapital bazarı sahəsində maliyyə savadlığının artırılması üzrə davamlı tədbirlər həyata keçirilməkdədir
Bununla əlaqədar olaraq bütün emitentləri yuxarıda sadalanan vergi güzəştlərindən yararlanmağa və Bakı Fond Birjasında listinqə daxil olmağa dəvət edirik. Emitentlər bu istiqamətdə Bakı Fond Birjasında fəaliyyət göstərən Listinq Məsləhət Proqramına müraciət etməklə yararlana bilərlər. Qiymətli kağızların buraxılışı vasitəsi ilə maliyyələşmək istəyən və bu istiqamətdə dəstəyə ehtiyacı olan şirkətlərə bu proqram çərçivəsində qiymətli kağızların buraxılışı müddətində tam dəstək verilir və ödənişsiz xidmət göstərilir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.