Digər ölkələrin birjalarında dövriyyədə olan qiymətli kağızların Bakı Fond Birjasında satışa çıxarılması gözlənilir.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib. Bildirilib ki, bununla bağlı qlobal təşkilatlarla danışıqlar aparılır:
“Xarici qiymətli kağızların yerli fond bazarında ticarətinin təşkili məqsədilə həmin qiymətli kağızların müvafiq ölkələr arasında sərbəst ötürülməsini təmin edən qlobal kastodian təşkilatlarla inteqrasiyanın təmin edilməsi zəruridir. Mərkəzi Bank tərəfindən bir neçə qlobal kastodian təşkilatla bu istiqamətdə müzakirələr aparılmaqdadır”.
Xatırladaq ki, bir müddət əvvəl Bakı Fond Birjası Azərbaycan vətəndaşlarının İstanbul birjasına giriş əldə edəcəkləri ilə bağlı məlumat yayıb. AMB-dən bildirilib ki, hazırda İstanbul Fond birjası ilə müvafiq inteqrasiyanın təmin edilməsi istiqamətində aidiyyəti üzrə işlər aparılmaqdadır. Eyni zamanda digər birjalarla da əməkdaşlığın qurulması imkanlarına baxılır.
AMB eyni zamanda fiziki şəxslərin fond bazarında iştirakını artırmaq niyyətindədir. Artıq bir neçə mobil bankda birbaşa investisiya imkanı yaradılıb. Bəzi investisiya şirkətləri isə bazara giriş şərtlərini maksimum sadələşdiriblər. AMB qəbul etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda investorların təşviqi məqsədilə bir sıra istiqamətlərdə tədbirlərin icrası nəzərdə tutulur:
“Belə ki, müraciət prosesinin rəqəmsallaşdırılması vasitəsilə investorların bazara çıxışı prosesinin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda rəqəmsal platformaların inkişafı üzrə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, müştərilərin verifikasiyası üzrə rəqəmsal həllərin tətbiqi imkanlarının genişləndirilməsi, sənəd mübadiləsi üzrə proseslərinin elektronlaşdırılması, habelə maarifləndirici tədbirlərin icrası müəyyən edilib. Bundan başqa kommersiya banklarının maliyyə vasitəçisi qismində fəaliyyət göstərməyə təşviq edilməsi və rəqəmsallaşdırmanın, o cümlədən, mobil tətbiq əsaslı ticarətin və fərdi investorlar üçün nəzərdə tutulan ticarət platformalarının təşviq edilməsi üzrə bir sıra tədbirlər müəyyənləşdirilib. Bu fəaliyyətlər çərçivəsində mobil tətbiqlərin istifadəsinin təşviqi, yeni rəqəmsal həllərin mövcud platformalara inteqrasiya imkanlarına baxılması, rəqəmsal həllin davamlı təkmilləşdirilməsi və funksionallığın artırılması ilə bağlı tədbirlərin icrası planlaşdırılıb” – deyə AMB-dən bildirilib.
Eyni zamanda Bakı Fond Birjası tərəfindən fərdi investor bazasının genişləndirilməsi proqramının, habelə özəl şirkətlərin ilkin kütləvi təklif proqramının həyata keçirilməsi nəzərdə tutulur. ( vergiler.az)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.