Milli Depozit Mərkəzinin yeni tariflərinin qüvvəyə minməsi nəticəsində tənzimlənən bazarda emitentlərin və investorların tarif yükü azaldılıb.
FED.az xəbər verir ki, bu kapital bazarının tənzimlənən seqmentinin və şirkətlərin fond birjasında listinqə çıxışının təşviqi, eyni zamanda təkrar bazar əməliyyatlarının stimullaşdırılması üçün edilib.
Birjadan bildirilib ki, yeni tarif rejimi çərçivəsində fond birjasında listinqdə çıxan şirkətlər tərəfindən Milli Depozit Mərkəzinə ödənilən tariflər iki dəfədən çox aşağı salınmış, həmçinin fond birjasında korporativ qiymətli kağızlarla təkrar bazar, marketmeyker və repo əqdlərinin qeydiyyatı üzrə Milli Depozit Mərkəzi tərəfindən investorlardan tutulan tariflər də optimallaşdırılıb.
«Nəticədə listinqdə daxil olmaq üçün Bakı Fond Birjasına müraciətlərin sayı artıb. Hesab edirik ki, kapital bazarında qəbul edilmiş yeni tarif siyasəti fond birjasında lisitinqə çıxan şirkətlərin sayının və aparılan əməliyyatların həcminin daha da artmasını təmin edəcəkdir»-deyə birjadan bildirilib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin Qərarı ilə Milli Depozit Mərkəzinin yeni xidmət haqları bu günlərdə təsdiq edilib.