Bakı Fond Birjasında (BFB) emitentlər (qiymətli kağızlar buraxan şirkətvə təşkilatlar) bütün qiymətli kağızlar üzrə 2020 və 2021-ci il ərzində listinq haqqlarından azad ediliblər.
Birjadan FED.az-a verilən məlumata görə, 2020-ci ildə qəbul edilmiş qərarlara əsasən, kütləvi təklif üzrə sənədləşmə minimallaşdırılıb. Nəticədə indi qiymətli kağız ortalama olaraq 1-2 iş günü ərzində listinqə daxil edilir: «Qapalı yerləşdirilən qiymətli kağızlar listinqə daxil edilmədən ticarətə buraxılır və birja qarşısında öhdəliklərdən azad olunur»-deyə birjadan bildirilib.
Bundan başqa, birjada əsas və standart bazar seqmenti üzrə tələblər və emitentlərin öhdəlikləri sadələşdirilib.
BFB-dən bildirilib ki, 2019-cu ilə nisbətən listinqdə olan səhmlərin sayı 3 dəfəyə yaxın artıb. Eləcə də, 2020-ci ildə 4 emitent tərəfindən korporativ istiqraz buraxılışı həyata keçirilib.
Hazırda birjanın «Əsas Seqment»ində 1 səhm və 5 korporativ istiqraz, «standart seqment»ində isə 26 səhm və 9 korporativ istiqraz dövr etməkdədir.