Bakı Fond Birjasında 2023-cü ilin yanvar-oktyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 19 milyard 452 milyon 795 min manat təşkil edib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, əməliyyatların ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 86% artıb. Artımın böyük hissəsi dövlət qiymətli kağızları ilə bağlıdır.
Bakı Fond Birjasında 01.01.2022-31.10.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 10 milyard 465 milyon 954 min manat təşkil etmişdi.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 21%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 18% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 195% artım olub.
O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 9 dəfəyə yaxın artım qeydə alınmışdır.
2023-cü ilin oktyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5 milyard 904 min manat təşkil edibvə ötən ilin son ticarət günü ilə müqayisədə 22% böyümə qeydə alınıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.