Bakı Fond Birjasında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanın tərəfdaşlığı ilə gender bərabərliyinə həsr olunan sayca 3-cü “Açılış Zəngi” mərasimi keçirilib.
FED.az xəbər verir ki, mərasimdə Bakı Fond Birjasının rəhbəri Eldar Abdullayev, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin regional direktorunun müavini Alberto Hernandez, BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumunun Gürcüstan üzrə ölkə təmsilçisi Kaori İşikava, eləcə də yerli qurumların, maliyyə təşkilatlarının təmsilçiləri çıxış ediblər.
Qeyd edək ki, Bakı Fond Birjası 2020-ci ildə BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlayıb və hər il BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu və Dünya Birjalar Federasiyası mart ayının ilk həftəsində üzvləri olan birjalarla birlikdə “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçirirlər.
Onu da deyək ki, fevral ayında Bakı Fond Birjası BMT-nin İnkişaf Proqramı ilə tərəfdaşlıqla “Qadınların səlahiyyətlərinin artırılması prinsipləri” - WEPs (Women Empowerment Principles) təşəbbüsünə qoşulub və BMT Qadın Agentliyi və BMT Qlobal Sazişinin irəli sürdüyü bu təşəbbüsə Azərbaycandan qoşulmuş 21 şirkətdən biridir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür