Dünyanın ən böyük investisiya şirkətlərindən olan, məşhur investor Uorren Baffetə məxsus «Berkshire Hathaway» şirkəti 2023-cü ili 97 milyard dollarlıq rekord gəlirlə başa vurub.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (19-23 fevral, 2024)
FED.az xəbər verir ki, fevralın 24-də milyarder Uorren Baffetin rəhbərlik etdiyi «Berkshire Hathaway» investisiya fondu dördüncü rüb və ümumilikdə 2023-cü il üçün hesabatlarını təqdim edib.
Şirkət ötən ili 97,1 milyard dollarlıq rekord xalis mənfəətlə başa vurub, halbüki bir il əvvəl şirkət 22 milyard dollar zərər görmüşdü.
2023-cü ildə «Berkshire Hathaway»in illik gəliri 21% artaraq 364,5 milyard dollara çatıb. Təkcə dördüncü rübdə Berkshire şirkətinin mənfəəti iki dəfədən çox artaraq 37,6 milyard dollara çatıb. Rüblük gəlir isə 70,3% artaraq 133,1 milyard dollar olub.
«Berkshire Hathaway» elan edib ki, 2023-cü ildə şirkətin səhmlərə investisiyalarından qazancı 48% artıb, çünki bir çox şirkətlərin səhmləri 2022-ci ildə kəskin ucuzlaşdıqdan sonra yenidən qiymətini bərpa etməyə başlayıb.
Fondun investisiya gəlirlərində də artım müşahidə olunub. 2023-cü ildə şirkətin investisiya gəlirləri 48% artıb. Gəlirlərin əhəmiyyətli hissəsi beş şirkətdən gəlir, bunlar - «Apple», «Bank of America», «American Express», «Coca-Cola» və «Chevron»dur. Onlar şirkətin investisiya gəlirlərinin təqribən 79%-ni təşkil edir.
Yer gəlmişkən, fevralın əvvəlində «Berkshire Hathaway» şirkəti «Apple»dakı payını azaltdığını elan edib. Bəzi investorlar hesab edir ki, şirkət son vaxtlar artımı yavaşlayan «Apple» səhmlərinin satışını davam etdirəcək.
Ənənəvi olaraq illik hesabatları müşayiət edən investorlara məktubunda cənab Baffet bildirib ki, investisiya fondu o qədər dayanıqlıdır ki, hətta ciddi maliyyə böhranlarına da tab gətirə bilər, lakin indiki şəraitdə və fondun nəhəng həcmini nəzərə alsaq, hazırda şirkətdən «ağlasığmaz nəticələr» gözləmək lazım deyil.
Qeyd edək ki, hazırda «Berkshire»ın kapitallaşması 900 milyard dolları ötür.
«Berkshire Hathaway» konqlomeratına sığorta, BNSF dəmriyol şirkəti, genişlənən enerji şirkəti, «Brooks» qaçış ayaqqabıları, «Dairy Queen» və «See's Candy» kimi bölmələr daxildir.
«Berkshire»in investisiyadan əlavə böyük gəlirləri onun böyük sığorta əməliyyatlarından, xüsusən də Geico avtomobil sığortası və təkrar sığortasından gəlir. Şirkət təkcə sığorta əməliyyatlarından 2023-cü ildə 5,3 milyard dollar gəlir əldə edib.
Bununla belə, qrupa daxil olan iki əsas qeyri-maliyyə qrupu gözləntilərdən aşağı nəticə göstərib. Belə ki, «BNSF» dəmiryolu şirkətinin illik əməliyyat mənfəəti 5 milyard dollar olub. BNSF (Burlington Northern Santa Fe) ABŞ-da fəaliyyət göstərən milli ən böyük yük qatarları ilə fəaliyyət göstərən dəmir yolu şirkətidir. Bu şirkət geniş dəmir yolu şəbəkəsində yüklərin daşınması ilə məşğuldur. «Berkshire»nin enerji biznesi isə 2,3 milyard dollar qazanıb. Hər iki şirkətin qazancı 2022-ci ildəkindən xeyli aşağı olub.
Təkcə son bir ildə «Berkshire Hathaway»ın səhmləri 35 bahalaşaraq 2023-cü ilin fevralındakı 304 dollardan 410 dollara yüksəlib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.