Dünyanın ən iri institusional və portfel investorlardan Berkshire Hathaway investisiya şirkətinin rəhbəri, multimilyarder və dünyanın ən nüfuzlu investisiya məsləhətçisi və təhlilçilərindən biri olan Uorren Baffet qısa və konkret bəyan edib ki, heç zaman kriptovalyutaya investisiya etməyəcək. "Bilmirəm ki, bu hansı yolla baş verəcək, amma əminəm ki "Bitcoin"i pis final gözləyir". FED.az xəbər verir ki, Baffet virtual valyutalarını tənqid edənlərin sırasına qoşularaq, "Bitcoin"in perspektivinə daha bir zərbə vurub.
İsrail Mərkəzi Bankı da bəyan edib ki, heç zaman "Bitcoin" kimi virtual valyutaları real valyuta kimi qəbul etməyəcək və onları yalnız maliyyə aktivi kimi dəyərləndirəcək. Reuters Breakingviews isə virtual valyutalara və ümumiyyətlə onların pul olub-olmamasına həsr olunan ciddi yazı dərc edib və burada əsas diqqət "Bitcoin"ə ayrılıb. Yazıda həm də pul anlayışı, onların tarixdə yaranması, minilliklər əvvəl müxtəlif pul vahid və növləri misal gətirilir. Məqalənin adı hər şeyi deyir: "Bitcoin heç zaman real pul olmayacaq" (Bitcoin will never be real money). Nəticədə müəllif qərara gəlir ki, "Bitcoin" kimi kriptovalyutalar yalnız ilk baxışdan pul xüsusiyyətinə malikdir və onlar gələcəkdə yeni maliyyə aktivi və yeni növ virtual ödəmə vasitəsi ola bilər. Müəllifin digər arqumenti ondan ibarətdir ki, ölkələr öz pul vahidlərinin preroqativindən heç zaman imtina etməyəcək. Mənşəyi məlum olmayan pul vahidi ölkələr tərəfindən emissiya edilən və real aktiv və dövlət ehtiyatları ilə təmin edilən valyutalarla rəqabətdə heç vaxt uda bilməyəcək. Yəni "Bitcoin" yalnız maliyyə aktiv və spekulyativ alət kimi qalacaq. Əgər qalsa...
apa.az