Azərbaycanın qanuni lotereya və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin 2022-ci il üçün “Yay Təcrübə Proqramı” başa çatıb.
FED.az xəbər verir ki, 2 ay davam edən proqramda 7 təcrübəçi iştirak edib. Təcrübəni uğurla bitirən 1 namizəd şirkətdə artıq işlə təmin olunub, 4 nəfərin isə təcrübə müddəti artırılıb. Proqramda iştirak edən gənclər əsasən marketinq/PR, PMO (Project Management Office)/ Sistemlərin test edilməsi, Rəqəmsal və İT şöbələrində təcrübə keçiblər.
“Azərlotereya” ASC-nin İdarə heyətinin sədri Zafer Reisoğlu təcrübə proqramından yararlanan gənclərlə görüşərək onları təbrik edib: “Azərlotereya” ASC ölkənin ən qabaqcıl şirkətlərindən biridir. Burada qazandığınız təcrübənin gələcək karyeranızda önəmli rol oynayacağına inanıram. Şirkətimizdə işə başlayanları təbrik edir, hər birinizə uğurlar arzulayıram”.
Təcrübə proqramının iştirakçıları da çıxışlarında “Azərlotereya”nın təcrübə proqramı çərçivəsində öyrəndiklərinin onlar üçün önəmli olduğunu vurğulayıb, yaradılan imkana görə təşəkkür ediblər.
PMO/Sistemlərin test edilməsi şöbəsində işlə təmin olunan Ülviyyə Cabbarlı bu etimadı doğrultmağa çalışacağını bildirib: "Azərlotereya" ASC çalışmağa başladığım ilk peşəkar şirkət oldu. Mənə Sistemlərin test edilməsi şöbəsində təcrübəçi kimi çalışmaq və işləmək imkanı verdiyiniz üçün təşəkkür edirəm”.
Tədbirin sonunda təcrübə proqramını müvəffəqiyyətlə bitirən namizədlərə sertifikat təqdim olunub, xatirə fotosu çəkilib.
Qeyd edək ki, “Azərlotereya” ASC-nin “Yay Təcrübə Proqramı” növbəti illərdə də davam edəcək.